İstanbulda 100 000 nəfərlik aksiya olacaq
31 May 2014 Şənbə 04:49
Əbdürrəhman Sadiənin Quran oxuması ilə başlayan aksiyanın davamında Kəbənin imamı Abdullah Basfar sübh namazını qıldıracaq.
“Ayasofiya”nın yenidən müsəlmanlara ibadətə açılması üçün Türkiyənin İstanbul şəhərində yüz minlərlə möminin iştirakı ilə aksiya keçiriləcək. ANS PRESS-in məlumatına görə, “Ayasofiya” məscidinin qarşısında bu gün keçirilməsi nəzərdə tutulan aksiya səhər saat 04.00-də (Bakı vaxtıyla 06.00) başlayacaq.

Dünyanın ən məşhur qiraətçilərindən olan Əbdürrəhman Sadiənin Quran oxuması ilə başlayan aksiyanın davamında Kəbənin imamlarından olan Abdullah Basfar sübh namazını qıldıracaq.

Aksiya “Anadolu Gənclik Dərnəyi” tərəfindən təşkil olunur. AGD-nin sədri Salih Turhan məqsədlərinin Fatehin (II Mehmet) əmanətinə sahib çıxmaq olduğunu deyib.

Qeyd edək ki, 1453-cü ildə Osmanlı padşahı II Mehmet (Fatih) tərəfindən İstanbulun fəth edilməsi ilə Ayasofiya kilsəsi məscidə çevrilib və 482 il bu istiqamətdə fəaliyyət göstərib. 24.11.1934-cü ildə isə Atatürkə istinad edilən sərəncamla muzeyə çevrilib və 1 fevral 1935-ci ildən ibadətə bağlanıb.

Ayasofiyanın muzey kimi qalmasının doğru olmadığını deyən tarixçi millət vəkili Yusuf Halaçoğlu qədim məbədin yenidən məscidə çevrilməsi üçün qanun təklifi ilə TBMM-yə müraciət edib.

Bir müddət əvvəl isə MHP millət vəkili Atatürkün bu istiqamətdə sərəncamı olmadığını, Atatürkə istinad olunan sənəddəki imzanın saxta olduğunu iddia etmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar