İstanbulda möhtəşəm Ramazan ayı
27 Avqust 2011 Şənbə 16:58
Napoleon Bonapart: “Əgər yer kürəsi bir dövlətdən ibarət olsaydı, İstanbul onun paytaxtı olardı”
Bakı. Ülkər Qasımova-APA. Neçə ildir Müqəddəs Ramazan ayında İstanbulda, bu gözəl ayın möhtəşəm şəkildə yaşandığı məkanda olmağı arzulayırdım. Bu il məzuniyyətim Ramazan ayına təsadüf etdiyindən məzuniyyətimi bu gözəl şəhərdə keçirməyə qərar verdim. Televiziya ekranlarında möcüzə kimi izlədiyim bayram əhval-ruhiyyəsi ilə dolu imsak və iftar vaxtlarını canlı görmək hissini sözlərə köçürməkdə çətinlik çəkirəm. Əslində Ramazan ayında Türkiyənin dörd bir yanında bu çoşğu hiss olunur, sadəcə Sultan Əhməd, Eyyub Sultan kimi müqəddəs məkanlarda şahidi olduğum turist axınına isə qeyri-ixtiyarı çox sevinirdim.
Sultan Əhməd camesinin qarşısında turist növbəsi
Napoleon Bonapart boş yerə “Əgər yer kürəsi bir dövlətdən ibarət olsaydı, İstanbul onun paytaxtı olardı” demirmiş. Əslində İstanbulu görənlər üçün Bonapartın bu sözü də artıq olacaq, çünki görünən dağa bələdçi lazım deyil. Sultan Əhməd camesinin qarşısında Müqəddəs Ramazan ayında bu məkana girmək istəyənlərin sayının hesaba alınması belə çox çətindir. Namaz vaxtı bu müqəddəs məkana ancaq namaz qılmaq üçün daxil olmağa icazə verilir, qeyri-dinlərə mənsub olanlar və namaz qılmayanlar isə bir saata yaxın gözləməli olurlar. İslam dininin nümunəsi olan və müsəlmanların üz tutduğu müqəddəs məkan turistlərdə heyranlıq yaradır. Müxtəlif din mənsublarının bura axını var idi və birmənalı olaraq hər biri bu məkana daxil olub dua edirdi. Ən fəxr hissi duyulası bir məqam, turist xanımların müsəlman adət-ənənəsinə riayət edərək başını öncədən örpəklə bağlaması idi. Öyrəndik ki, hər il Ramazan ayında bu müqəddəs məkana gələnlərin sayı xeyli çoxalır. Sultan Əhməd camesinin qarşısında turistlərin sonu görünməyən növbəsini qeyri-ixtiyarı fotoya aldım. Bu ayrı bir fərəh hissi idi...
Eyyub Sultanda iftar axşamları
... Türkiyədə daha çox orta və yaşlı nəsil oruc tutur. İslam dininin bütün adət-ənənələrinə riayət edən gənclərin də sayı çoxdur. Bu ay İstanbulun mərkəzi küçələrində günorta saatlarında daha az insan gözə çarpır. Bu şəhərdə istər-istəməz insan azan saatını səbirsizliklə gözləyir. Bu, möhtəşəm andır - şəhərin hər yerindən azan səsi ucalır. Bu səs iftar vaxtı daha gur səslənir və şəhər əhli həmin anı daha çox bayram sevinci ilə qarşılayır. Bu ayın hər günü Türkiyədə bayramdır. İnsanlar toplu şəkildə məscidlərdə, müqəddəs sayılan məkanlarda iftarı bir yerdə açırlar. Bu cür məkanlarda iftar süfrələri əsasən yerlərdə salınır və insanlar qrup şəklində iftarlarını açırlar. Eyyub Sultandakı iftar çoşğusu isə uzun müddət xatirəmdən silinməyəcək. Ramazan ayında qəribləri və kasıbları sevindirmək savabdır deyib, bu Müqəddəs ayın hər gününü qiymətləndirən qardaşlarımız əhali üçün iftar süfrələri təşkil edirlər. Eyyub Sultanda olarkən də bu halla rastlaşdım. Yerli bələdiyyə vətəndaşları üşün iftar süfrəsi açmışdı. Tanımadıqları insanları iftar süfrələrinə dəvət etmələri, əllərindəki bir parça çörəyi həmin insanlarla bölmələri gözəl bir hal idi. Bu möhtəşəmliyi görən hər bir insanın ürəyindən oruc tutmaq, ibadət etmək keçər. İftarın açılmasını qeyri-din mənsubları da səbirsizliklə gözləyib, əllərindəki foto-kameralarla bu anı ölümsüzləşdirirlər. Azan səsinə turistlərin “bu necə möhtəşəm bir şeydir” demələri də gözəl bir görüntü idi. Bir müsəlman ölkəsinin – dünyada bu qədər tanınması və maraq obyektinə çevrilməsi bir azərbaycanlı və bu dinin daşıyıcısı kimi məni də çox sevindirirdi.
Turist axınından təngə gələn İstanbul əhalisi
Hər gün İstanbula 60 minə yaxın turistin gəldiyini eşitsəm də, bu dəfə bunun canlı şahidi oldum. Tək müqəddəs sayılan məkanlarda deyil, eyni zamanda Ayasofya, Dolmabaxça sarayı, Topqapı sarayı, Yerəbatan Sarayı, Rumeli hisarını və digər tarixi yer və muzeylərdə də bu turist axınını görmək mümkündür. Muzeylərə girmək üçün mütləq hansısa bir zamanını növbəyə ayırmalısan. Bu cür məkanlara giriş 5-20 lirə arasında dəyişir. İstanbul muzeylərinə giriş isə bəzən pulsuz başa gəlirdi, çünki bu şəhərdə media mənsublarına xüsusi güzəştlər verilir.
Bu şəhərdə ictimai nəqliyyatda hər beş nəfərdən ikisi türk olar, ya olmaz. Bəzən türklər turistlərin bu axınından narahatlıq yaşayırlar, çünki bu hal onların ictimai nəqliyyatda rahat getmələrinə problem törədir. Turistlər arasında azərbaycanlılarla yanaşı, yunanlar, ingilislər, yapon və çinlilər çoxluq təşkil edir. Metroda gediş haqqı 1.75 tl (kart sistemindən istifadə zamanı 1.60 tl) təşkil edir. Elə bu qiymət yerüstü metro və avtobuslarda da dəyişilməz qalır. Metro və digər nəqliyyat vasitələrində yeni vaqonların istifadəyə verilməsi, soyuducu və qızdırıcı sistemdən istifadə əhalini məmnun edir. Avropa düşüncəsindən xəbər verən Türkiyənin bu şəhərində sözün əsil mənasında gecə həyatı hökm sürür. İstanbul insandan azadlıq hissini artırır, buranın gəncliyi daha azad və şən görünür. Gənclik əsasən gecələri İstanbulun ən tanınmış məkanlarında, eləcə də Taksim meydanındakı kafelərdə keçirməyə üstünlük verirlər. Ramazan ayında bu kafelərdə həmişəkinə nisbətən daha az insanın getdiyini gördüm. Görünür, İstanbuldakı Ramazan ab-havası gecə həyatını sevən gənclərə də sirayət edib.
Türkiyədə müqəddəs bayramlar ərəfəsində müxtəlif mağazalarda endirimlərin həyata keçirildiyi çoxumuza məlumdur. Elə İstanbulda da Bakıda öyrəşdiyimiz yalançı “endirimlər”ə rast gəlmək mümkündür. Amma geyim və aksessuar bu şəhərdə daha ucuz qiymətə satılır. Xüsusilə bayram günlərində belə endirimlərə rast gəlmək olar. Ramazan ayında türklər hər kəsi mütləq “xeyirli ramazanlar” sözləri ilə qarşılayıb yola salırlar. İstanbul həm də insanları əsrarəngiz Bosfor mənzərəsi ilə məst edir. Boğazda balıq səfasından zövq alanlar saysız-hesabsızdır. Daha bir məqam - Türkiyənin hər yerində olduğu kimi İstanbulun da hər yerində qırmızı aylı-ulduzlu bayraq dalğalanır. Ramazan ayının hər günü Türkiyənin müxtəlif televiziya kanallarında canlı yayımlanan “İftar saatı” və bu tipli digər verilişlərin də çəkilişini izləmək imkanım oldu. Həmin verilişlər açıq havada çəkilir və müqəddəs yerlərə gələn insanlar bu proqramı elə oradaca izləyirlər.
Nişantaşının tanınmışları
...İstanbulun ən məşhur küçələrindən biri Nişantaşıdır. Bu küçədə istənilən zaman məşhur simalardan kimisə görmək istisna deyil. Türkiyənin mədəniyyət və incəsənət adamlarının əksəriyyəti məhz bu küçələrdəki binalarda yaşayır. Elə o səbəbdən də bu küçədə fəaliyyət göstərən mağazalardakı satış qiymətləri, digər məkanlara nisbətən daha bahadır. Bu şəhərdə olub həmyerlilərimizlə görüşməmək böyük qəbahət olardı. Dünyanın bir çox yerlərində olduğu kimi İstanbulda da artıq sayılıb-seçilən azərbaycanlılar çoxluq təşkil edir. Bu sırada aktrisa Məlahət Abbasova, prodüser, Nahid Emiloğlu, iş adamı Babək Əliyev və digərlərinin adını qeyd etmək olar. Sözsüz ki, bizim görüşə bildiklərimiz onlar oldu, ancaq Türkiyənin müxtəlif şəhərlərində Azərbaycanın adının yüksəklərə qaldıran soydaşlarımız çoxdur və hər biri ilə fəxr edirik. İstanbulda Bosfor boğazında azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus yaxtaları, üzərində “PAL” sözü yazılmış bahalı avtomobilləri görmək mümkündür.
Dünyanın ən böyük tematik akvariumunda gördüklərim
İstanbulda ən böyük tematik akvariumun qurulması xəbərlərini televiziyadan izləmişdim. Florya səmtinə yaxın bir ərazidə yerləşən “İstanbul Tematik Akvariumu”nun sahəsi 22 min kvadrat metrdir. Bu məkanla bizi tanış edən və məlumatlandıran “İstanbul Tematik Akvariumu”nun marketinq meneceri Sinem Şanda APA-ya açıqlamasında bildirdi ki, akvariuma giriş tələbələr üçün 22, adi ziyarətçilər üçün 29 lirə təşkil edir. 1500 fərqli növ balığın toplandığı məkanda, ümumilikdə 15 min balıq var. Dünyanın ən böyük gəmiricisini də məhz burada görmək olar. Akvarium ziyarətçiləri üçün girişdə çəkilən fotoların qiyməti 10 lirə təşkil edir. Akvariumun tikintisini türklər özü həyata keçiriblər. Akvariumun layihəsinin təsdiqi 2007-ci ilə təsadüf edir. İyun ayında istifadəyə verilən bu ünvana artıq 300 minə yaxın ziyarətçi gəlib. Akvariumda balıqların səhhətinə ziyan gəlməməsi üçün fotoçəkiliş zamanı parlaq işıqdan istifadəyə icazə verilmir. O da məlum oldu ki, bu məkanın açılışının ilk iki günü giriş sərbəst olub və çoxsaylı insanlar buraya gələrək parlaq işıqla çəkiliş aparıblar. Bu hal balıqların səhhətində ciddi problem yaradıb. Tematik akvariumda Pamukkaleni xatırladan “Antraktida” adlanan məkanda buz dağına toxunmaq ayrı bir zövqdür. Burada müxtəlif növ balıqlarla yanaşı, dəniz ulduzunu da canlı görmək şansım oldu.
...“Mini-Europe”u arxada qoyan “Minia-Türkiyə”
İstanbulda son illər istifadəyə verilmiş “Minia-Türkiyə” Brüsseldə getdiyim “Mini-Europe” xatırlatdı mənə. Ancaq İstanbuldakı bu məkan ərazisinə və maket sayına görə Avropanı əks etdirən “Mini-Europe”dan daha böyükdür. Adambaşı girişi 5 lirə olan bu məkanda Türkiyənin heç bir bölgəsi unudulmayıb. Bütün Türkiyəni əks etdirən tarixi məkanlar, Ankarada yerləşən Böyük Millət Məclisindən tutmuş Atatürk hava limanı, məşhur Boğaz körpüsü, Pamukkale, Çanaqqala və digər məkanların maketi yerləşdirilib. Buranı gəzmək artıq Türkiyənin ən tanınan yerlərinə baş çəkmək kimi bir hiss doğurur insanda. Elə Türkiyədə üz tutduğumuz sonuncu ünvan da məhz bura oldu. Müqəddəs Ramazan ayında İstanbulu gəzmək və görmək, bu möhtəşəmliyi izləmək şansı qazanmaq gözəl bir hissdir. Müqəddəs Ramazan bayramınız mübarək, Allah orucunuzu qəbul etsin!
Bakı - İstanbul- Bakı
DOSTLARINLA PAYLAŞ: