İsrailin keçmiş prezidenti zorlamada ittiham edilərək həbsə atıldı
07 Dekabr 2011 Çərşənbə 13:41
Moşe Katsav bu gündən 7 illik həbs cəzasını çəkməyə başlayır.
İsrailin keçmiş prezidenti Moşe Katsav həbsxanaya salınıb. O, zorlamada ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Kiryat Malaçi şəhərindəki evindən həbsxanaya aparılarkən Moşe Katsav kütləvi-informasiya vasitələrinə günahsız olduğunu bildirib və İsrail dövlətini onu "diri-diri basdırmaqda" ittiham edib. Moşe Katsav cəzasını Təl Əviv yaxınlığındakı Maasiyahu həbsxanasında çəkəcək.

İsrailin keçmiş prezidentinə qarşı zorlama ittihamları 2010-cu ilin dekabrında irəli sürülüb. Katsav 1990-cı illərdə nazir olduğu vaxt müdiri olduğu bir qadını zorlamaqda və 2000-2007-ci illərdə prezident olarkən daha iki qadına qarşı seksual xarakterli cinayət törətməkdə ittiham olunub. Moşe Katsava 7 illik həbs cəzası martda verilsə də, məhkəmə qərarına qarşı apellyasiya ərizəsi ilə əlaqədar azadlıqda qalıb. İsrail Ali Məhkəməsi onun apellyasiya müraciətini rədd edib.

Moşe Katsav 2007-ci ildə prezident səlahiyyətlərinin bitməsinə 2 həftə qalmış istefa vermişdi. Katsav ona həbsdən yaxa qurtarmaq imkanı verən «müttəhim sövdələşməsi» qarşılığında istefa versə də, sonradan bu sövdələşməni rədd edərək, günahsız olduğunu sübut edəcəyinə söz vermişdi. Moşe Katsav İsraildə həbs cəzası verilən ilk sabiq prezident oldu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar