İsraildə SSRİ-nin yetirməsi olan nazir istefa verdi
15 Dekabr 2012 Şənbə 02:36
Bir sıra cinayət əməllərində ittiham olunan Aviqdor Liberman hökumətdən getdiyini açıqlayıb.
İsrailin xarici işlər naziri, baş nazirin müavini Aviqdor Liberman tutduğu vəzifələrdən istefa verib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, SSRİ-nin yetirməsi olan nazir dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlar fonunda bu addımı atıb.

Aviqdor Liberman bəyan edib ki, ona qarşı kompromat xarakterli iddiaların heç bir əsası olmasa da, tutduğu vəzifələrdən getmək niyyətindədir.

Xatırladaq ki, nazir İsrailin Belarusdakı keçmiş səfiri Zaev ben-Arye ilə cinayətkar sövdələşmədə ittiham olunur. İddialara görə, diplomat Aviqdor Libermanı məlumatlandırıb ki, İsrail polisi rəsmi Minskə onun barəsində araşdırmalar çərçivəsində informasiya üçün müraciət edib. Aviqdor Liberman isə “minnətdarlıq” əlaməti olaraq Zaev ben-Aryenin vəzifəsinin artırılmasına yardım göstərib.

Belarusdakı keçmiş səfir məxfi məlumatları yaydığı üçün artıq məhkəmə qarşısında cavab verib. Diplomat günahını etiraf edib, ədalət mühakiməsinə yardım göstərib və 4 ay müddtinə islah işləri ilə cəzalandırılıb.

Hazırda Aviqdor Libermanın deputat toxunulmazlığı var. Bu səfərdən ona qarşı irəli sürülən ittihamlara məhkəmədə baxılması mümkün deyil. Bunun üçün parlamentin hazırkı tərkibinin səlahiyyət müddəti bitməlidir.

Qeyd edək ki, Aviqdor Libermanın deputatlıq səlahiyyətlərinin bitməsinə cəmi 30 gün qalır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar