İsraildə Qadın Liderlərin Beynəlxalq Konfransı keçirilir
31 May 2011 Çərşənbə Axşamı 10:32
Azərbaycanı bu tədbirdə təmsil edən millət vəkili Qənirə Paşayeva UNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb


Bakı-APA. İsrailin Hayfa şəhərində “Elm, texnologiya və innovasiya: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransı öz işinə başlayıb. APA-nın məlumatına görə, UNESKO, MASHAV – İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi, İsrail Xarici İşlər Nazirliyi və «The Golda Meir Mount Carmel» Beynəlxalq Treninq Mərkəzinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda qızların təhsilinin artırılması, təhsilin bütün pillələrində gender bərabərsizliyinin aradan qaldırılması, xüsusilə elm, texnologiya və innovasiyalarda qadınların rolunun artırılması, bu istiqamətdə dünyada hökm sürən gender bərabərsizliyinin aradan qaldırılması yolları ətrafında 4 gün ərzində dünyanın 60-a yaxın ölkəsindən gəlmiş qadın nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların rəsmiləri, nüfuzlu qeyri-hökumət və ictimai təşkilatların rəhbərləri və mütəxəssislər müzakirələr aparacaq, təkliflər irəli sürəcək və bu istiqamətdə görüləcək işləri özündə əks etdirən sənəd qəbul olanacaq.

Beynəlxalq konfransda iştirak edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadın və kişi bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva beynəlxalq konfransın açılış günü UNESKO-nun baş direktoru İrina Bokova ilə görüşüb. Baş direktor Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu, Azərbaycanın birinci xanımı, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıb. Fikir mübadiləsinin sonunda millət vəkili Qənirə Paşayeva UNESKO-nun Baş direktoru İrina Bokovaya Azərbaycan həqiqətlərini, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında vəziyyəti özündə əks etdirən materialları təqdim edib.

Beynəlxalq konfransın açılış günü millət vəkili Qənirə Paşayeva həmçinin İsrailin Elm və Texnologiyalar naziri Daniel Hershkovitz, MASHAV - İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xarici İşlər Nazirliyi baş direktorunun müavini Haim Divon, Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev, “The Golda Meir Mount Carmel” Beyəlxalq Treninq Mərkəzinin direktoru Mazal Renfordla da görüşüb və fikir mübadiləsi aparıb. Xanım Renfordla görüşün sonunda millət vəkili ona və rəhbərlik etdiyi mərkəzə Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar, kitablar da təqdim edib.

Beynəlxalq konfrans 4 gün davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar