İsraildə 24 saat yayımlanan xəbər kanalı işə başladı
31 İyul 2013 Çərşənbə 16:00
"i24news" ingilis, ərəb və fransız dillərində yayımlanacaq.
İsraildə 24 saat yayımlanan ilk beynəlxalq xəbər kanalı fəaliyyətə başlayıb. "i24news" adlanan özəl telekanal Yaxın Şərqdə baş verən hadisələri İsrail perspektivindən təqdim edəcək. Telekanalın icraçı direktoru Frank Melloul bildirib ki, kanalın əsas məqsədi İsraili bütün dünyaya ingilis, ərəb və fransız dillərində təqdim etməkdir. Onun sözlərinə görə, hazırda "Aljazeera" kimi pan-ərəb telekanallar İsraili bütün dünyaya Fələstin torpaqlarının işğalçısı kimi təqdim edir.
"Yaxın Şərqdə "Aljazeera"dən başqa digər səslərə də qulaq asmaq zamanı yetişdi. Xüsusilə, regionda demokratiya baxımından. Çünki indi dünya xəbərləri sırasında Yaxın Şərqdən xəbərlər vasitəsilə burada nə baş verdiyini bilmək olur. Buna görə də Suriyada, Misirdə, Livanda, Sinay yarımadasında baş verənlərin İsrail nöqteyi-nəzərindən də təqdim edilməsi vacibdir. Düşünürəm ki, bu, bütün dünyada çoxları üçün maraqlı olacaq." - "i24news" telekanalının icraçı direktoru belə deyib.
Frank Melloulun sözlərinə görə, telekanal İsrail dövlətindən heç bir maliyyə vəsaiti almır və özü özünü maliyyələşdirir. "i24news"da xəbər buraxılışları ilə yanaşı, yayım vaxtının 30%-i İsraildə baş verən idman, mədəniyyət və texnologiya hadisələrinə həsr ediləcək. Telekanalın binası İsrailin paytaxtı Tel-Əviv yaxınlığındakı Caffa rayonunda yerləşir.
DOSTLARINLA PAYLAŞ: