İsrail yayda İranın nüvə obyektlərini dağıda bilər
04 İyun 2009 Cümə Axşamı 19:15
Qabil Hüseynlinin fikrincə, Qərb İrana nüvə silahı əldə etməyə imkan verməyəcək

«Bu yay İsrail İranın nüvə tədqiqatları obyektlərini radara tutulmayan təyyarələrlə vura bilər». Bu barədə ANS PRESS-in əməkdaşı ilə söhbətində Müsavat başqanının müavini, professor Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırda İsraillə ABŞ arasında gedən arqument mübadiləsinin əsas mövzusudur. «İsrail ABŞ-ı İrandan gələn təhlükənin ciddi olmasına inandırmağa çalışır»,- deyən politoloq İsrail müdafiə naziri Ehud Barakın ABŞ rəhbərliyi ilə keçirdiyi görüşə işarə edib.

Politoloqun fikrincə, hazırda Qərbdə İrana qarşı müşahidə edilən nisbətən loyal davranış ortada olan məlumatların ziddiyyətliliyi ilə bağlıdır: «Qərbdəki bəzi məlumatlara görə, İran 2010-cu ilə kimi nüvə silahı yarada bilməyəcək. Yəni həmin müddətə kimi nüvə silahını əldə etmək üçün lazım olan qədər uran izotopu əldə edə bilməyəcək. Başqa məlumatlara görə isə İranın artıq 2-3 meqavattlıq nüvə bombası hazırlamağa imkan verən saflaşdırılmış uranı var».

Qabil Hüseynlinin fikrincə, İsraili ən çox bu yaxınlarda İranın 3,5 min km məsafəyə uçmağı bacaran «Şahab-3» raketlərini sınaqdan keçirməsi qorxudur: "Tel-Aviv fikirləşir ki, İran nüvə başlığı yaradandan sonra İsraili daimi təhlükə altında saxlaya bilər". Lakin politoloqun fikrincə, Obama ABŞ-ı İraqdan sonra yeni bir müharibə ocağına soxmaz.

Obama administrasiyasının bir qədər ehtyatlı davranışını İranda iyunun 12-də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirənlər də var. Bu seçkilərdə Qərblə dialoqa tərəfdar olduğunu bəyan edən islahatçı qanad daha güclü görünür və Barak Obama adminstrasiyası İranın nüvə tədqiqatlarını danışıqlar yolu ilə dayandırmağı mümkün sayır.

Lakin politoloq Qabil Hüseynli bu variantı inandırıcı saymır: «İranda islahatçı lider demək olar ki, yoxdur. Bir-birindən bir az fərqlənən diktatura siyasətçiləridir. Ruhani rejimini islahat yolu ilə dəyişmək mümkün deyil»,- deyə o bildirib.

Onun fikrincə, İsrail ABŞ-la məsləhətləşdikdən sonra lazımi dəstək almasa belə, təkbaşına qərar qəbul edə bilər: «Heç kim İrana nüvə silahı əldə etməyə imkan verməz. Güman edirəm ki, bunun qarşısını alacaqlar. ABŞ öz imicini qorumaq üçün ilk başda kənarda dayansa da, çətin məqamda İsrailə birbaşa yardıma keçə bilər».

Politoloqun fikrincə, İsrail istənilən üsulla qısa müddətə İranın nüvə obyektlərini yox etməyə çalışacaq: «İsrail bu müharibənin İraqdakı kimi qurudakı əməliyyatlarla aparılmasına ehtiyac görmür və sadəcə radara tutulmayan təyyarələrlə İranın nüvə obyektlərinə zərbə vurmaqla işi bitirməyi mümkün sayır». Bu fikiri ABŞ görüşlərindən sonra İsrail müdafiə naziri Ehud Barak da söyləmişdi: «Həmişə dediyimi təkrarlayıram. Heç bir variantı istisna etmirik».

Əslində İsrailin narahatlığı daha köklü səbəblərə dayanır. İndiyə kimi Yaxın Şərq regionun tək nüvə dövləti İsrail sayılır və İsrail-ərəb münaqişəsində Tel-Əvivin dominant rolu bununla bağlıdır. Amerikanın CNN telekanalının yaradıcısı olan Ted Törnerə məxsus NTI Fondunun yazdığına görə, İsrailin nüvə proqramı hələ onun birinci baş naziri David Ben Qurionun vaxtında başlayıb və hazırda bu ölkənin 200 yaxın nüvə bombası var. 1990-cı illərin əvvəllərində ABŞ-ın İraqa ilk müdaxiləsi öncəsi Səudiyyə kralı ilə Katar kralının telefon danışığının Qərb mətbuatı tərəfindən yayılmış gizli stenoqrammasında da bu məsələyə toxunulmuşdu. Krallar İsrailin 42 nüvə başlığına malik olduğunu bildirmişdilər.

İran nüvə silahı əldə etdikdən sonra isə təbii ki, İsrailin Yaxın Şərq məsələsində təsir vasitələri azalacaq. Görünür, ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq istəyən Barak Obamanın da bu gün Qahirədə İranın dinc nüvə tədqiqatlarına haqqı olduğunu vurğulaması da məhz bu məntiqə əsaslanır.

Bütün bu hadisələr fonunda İranın Azərbaycana qarşı da münasibətləri yetərincə kəskinləşib və artıq 3-4 gündür ki, bu ölkənin neft şirkəti Azərbaycanın ərazi sularına aid «Alov» yatağına müdaxilə edərək kəşfiyyata başlayıb. İngilis dilində nəşr edilən "Tehran Times" qəzetinə müsahibə verən İranın neft nazirinin müavini Qulam Hüseyn Nozari yatağın mübahisəli olmasının işlərə problem yaratmayacağını da bildirib.

Bu, Azərbayjana qarşı açıq-aydın saymazlıqdır və ərazi ilhaqı kimi tanınmalıdır. Çünki Azərbaycan yatağın işlənməsi barədə hələ 1998-ci ilin iyulunda BP ilə hasilatın pay bölgüsü sazişi imzalamışdı. 2002-ci ildə isə yataqda texniki qiymətləndirmə işləri həyata keçirilib. Lakin yataqda ilk quyunun qazılmasına İran mane olmuşdu və məsələ sərhədlərin delimitasiyasına qədər dondurulmuşdu.

Politoloq Qabil Hüseynli İranın bu addımını müstəqillik illəri ərzində Azərbaycana qarşı ikinci sərt gərginləşmə kimi dəyərləndirib: «Birinci belə radikallaşma «Əsrin müqaviləsi» imzalanan zaman olub». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar