İsrail xarici işlər nazirinin müavini Türkiyə səfirini təhqir edib
12 Yanvar 2010 Çərşənbə Axşamı 15:05
İsrail və Türkiyə arasında növbəti diplomatik qalmaqal baş verib.
APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Oğuz Çelikkol bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Denni Ayalon Türkiyədə yayımlanan “Qurdlar vadisi” teleserialında İsrail və yəhudilər əleyhinə təbliğata yer verildiyini bildirərək ölkəsinin bundan narahat olduğunu rəsmi şəkildə səfirin nəzərinə çatdırıb. Lakin İsrail mediası görüşdə diplomatik qalmaqal yaşandığını xəbər verib. Belə ki, görüşdə O. Çelikkol D. Ayalonun əyləşdiyi kreslodan daha alçaqda olan divanda əyləşdirilib. Bundan başqa, fotomüxbirlər nazir müavinindən səfirlə salamlaşmasını xahiş etsələr də, D. Ayalon bunu rədd edib. D. Ayalon ibrani dilində jurnalistlərə bildirib: “Onun bizdən daha aşağıda oturduğunun və masada tək bayraq olduğunun görünməsini istədik”. Bəzi mənbələr D. Ayalonun bu sözləri deyərkən kameraların açıq olduğunu unutduğunu deyiblər. Lakin “Haaretz” qəzeti bu davranışın xarici işlər naziri Aviqdor Libermanın siyasəti olduğunu yazıb. Qəzetin yazdığına görə, A. Liberman gələn həftə Türkiyəyə rəsmi səfəri gözlənilən müdafiə naziri Ehud Barakın bu səfərini əngəlləmək istəyir.

D. Ayalon yanvarın 12-də səhər jurnalistlərə açıqlamasında bəyan edib ki, Türkiyə səfirini aşağılamaq niyyətində olmayıb. Lakin o, üzr istəməyəcəyini də əlavə edib: “Ərdoğanın söylədikləri və teleseriala görə üzr istəməli olan tərəf Türkiyədir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar