İsrail ve Felestin arasında sülh mümkündür
26 May 2013 Bazar 15:57
Bunu İsrail prezidenti Şimon Peres İordaniyada jurnalistlərə müsahibəsində deyib.
Yəhudilərlə fələstinlilərin sülh əldə olunması məsələsində çətinliklərin və şübhələrin öhdəsindən gəlməsi mümkündür. Bunu İsrail prezidenti Şimon Peres Dünya İqtisadi Forumunda iştirak etmək üçün səfər etdiyi İordaniyada jurnalistlərə müsahibəsində deyib. Şimon Peres müsbət bəyanatlar verib.
"Artıq sülh zamanıdır. Düşünürəm ki, bu ortaq arzumuzdur və aydın bir seçimdir. ABŞ-ın dövlət katibi Con Kerrinin dəstəyini də nəzərə alaraq, bu imkanı əldən buraxmamalıyıq. İkicə məqamı qeyd etmək istəyirəm: birincisi, bu, təcili olmalıdır, bu imkanı əldən versək, sonradan çox peşman olacağıq. Şübhələrin öhdəsindən gəlməliyik. İkincisi, mən bunun həqiqətən də mümkün olacağına ürəkdən inanıram. Fələstinlilərin də marağında olduğuna görə, fuksional başlanğıc və razılaşdırılmış həll yolu olmalıdır. Razılaşdırılmış həll yolu isə sülh və əmin-amanlıq içərisində yaşayan iki dövlətdir" - deyə, Şimon Peres bildirib.
İsrail prezidenti həmçinin bildirib ki, yəhudilərlə fələstinlilər arasında bəzi anlaşılmazlıqlar ola bilər, lakin o, bu çətinliklərin öhdəsindən gəlmək üçün o qədər də çox vaxt tələb olunmadığını düşünür. "Yaxşı qonşular kimi yanaşı yaşayan, iqtisadi cəhətdən əməkdaşlıq edən və gənc nəslə ismarıc göndərən İsrail dövləti və Fələstin dövləti - həll yolu budur", - Şimon Peres belə deyib.
Qeyd edək ki, günün sonunda İsrail-Fələstin münaqişəsində vasitəçilik edən ABŞ dövlət katibi Con Kerri də Dünya İqtisadi Forumunda iştirak etmək üçün İordaniyaya gələcək.
DOSTLARINLA PAYLAŞ: