İsrail üzrxahlıq əvəzinə Türkiyəyə pul təklif edir
12 Avqust 2011 Cümə 01:31
Tel-Əviv həlak olanların ailələrinə veriləcək təzminatı iki dəfə artırmağa hazırdır
İsrail hökuməti “Mavi Mərmərə” gəmisinə hücumla bağlı münaqişənin nizamlanması üçün Türkiyəyə qeyri-rəsmi kanallarla yeni təklif ünvanlayıb. ISRAland (www.isra.com) portalının məlumatına görə, Ankara İsraildən üzrxahlıq edilməsini və “Mavi Mərmərə” gəmisində öldürülmüş doqquz Türkiyə vətəndaşının ailələrinə 50 min dollar məbləğində təzminat ödənilməsini tələb edir. İsrail isə təklif edir ki, üzrxahlıq əvəzinə dərindən təəssüfləndiyini bəyan etsin, bunun əvəzində isə təzminat məbləği iki qat artırılsın.
NEWS.İsraelinfo.ru portalı isə yazır ki, Ankara hələlik təklifə cavab verməyib. Bu arada isə qeyri-rəsmi mənbələrdən əldə edilən məlumata görə, ABŞ, Palmer komissiyasının hesabatı açıqlananadək Türkiyə və İsrailin hər hansı razılığa gəlməsində israr edir. Yeni Zelandiyanın keçmiş baş naziri Cefri Palmerin rəhbərlik etdiyi BMT komissiyası “Azadlıq donanması”nın saxlanılması ilə bağlı vəziyyəti araşdırılıb. İlkin məlumatlara görə, hesabatda İsrailin Qəzza bölgəsini dəniz blokadasında saxlamaq hüququ tanınsa da, hərbçilərin humanitar yardım daşıyan gəmiyə qarşı qanlı hərəkətləri pislənilir. Sənəd İsrail həlbçiləri ilə bağlı məhkəmə təqibi üçün əsas ola biləçr.
“Palmer hesabatı” adlanan sənədin açıqlanması dəfələrlə təxirə salınıb. Təyin olunan sonuncu müddət isə 10 gündən sonra başa çatır.
DOSTLARINLA PAYLAŞ: