İsrail Türkiyəni güc tətbiq edəcəyi ilə hədələdi
01 İyun 2011 Çərşənbə 14:39
Baş nazir Benyamin Netanyahu "Mavi Mərmərə" insidentinin təkrarlanacağını istisna etməyib
İsrailin baş naziri Benyamin Netanyahu ikinci dəfə "Mavi Mərmərə" insidentinin təkrarlana biləcəyinə dair xəbərdarlıq edib. İyun ayında Qəzza zolağına doğru yola çıxması planlaşdırılan humanitar yardım donanmasına diplomatik yollarla maneə olmağa çalışacaqlarını, lazım gələrsə, yenə güc tətbiq edəcəklərini bəyan edib.

İsrail bu dəfə donanmada Türkiyənin "Mavi Mərmərə" gəmisi də daxil olmaqla, 15 gəminin olacağını təxmin edərək, hərbi-dəniz qüvvələrinə əlavə hərbçilər cəlb etməyə və onları səfərbər etməyə başlayıb. Benyamin Netanyahunun sözlərinə görə, donanmanın dəniz blokadasında olan Qəzza zolağına yaxınlaşmaması üçün bir razılaşma əldə olunmazsa, gəmiləri ələ keçirməkdən başqa bir seçim qalmayacaq.

Xatırladaq ki, 2010-ci il mayın 31-də Qəzza zolağına humanitar yardım aparan beynəlxalq "Azadlıq Donanması"nın tərkibində olan "Mavi Mərmərə" gəmisi İsrail əsgərlərinin silahlı hücumuna məruz qalmış, 9 türk ölmüşdü.


DOSTLARINLA PAYLAŞ:

oyunlar