İsrail Türkiyədən üzr istədi
13 Yanvar 2010 Çərşənbə 11:15
İsrail Türkiyədən üzr istədi. Bu barədə İsrail radiosu xəbər yayıb.
İsrail xarici işlər nazirinin müavini Danni Ayalon yanvarın 11-də baş verən insidentə görə Türkiyənin bu ölkədəki səfiri Əhməd Oğuz Çelikkoldan üzr istəyib. Bu barədə İsrail radiosu xəbər yayıb.

Xatırladaq ki, ötən axşam Türkiyə İsraildəki səfirini geri çağırıb. “The Jerusalem Post” qəzetinin məlumatına görə, rəsmi Ankaranın bu addımı atmasına İsrail xarici işlər nazirinin müavininin türkiyəli diplomatla təhqiramiz davranışı səbəb olub. Türkiyə səfiri Oğuz Çelikkol qəzetə bildirib ki, Ankaraya qayıdır və İsrailə gəlib-gəlməyəcəyini dəqiq bilmir.

Rəsmi Ankaranın demarşından əvvəl Türkiyənin İsraildəki səfirliyi bəyanat verərək, İsrail XİN-dən üzr istəməsini tələb edib. Səfirlik bəyan edib ki, əks təqdirdə Türkiyə tərəfinin cavabı sərt olacaq.

Diplomatik qalmaqal İsrail xarici işlər nazirinin müavini Danni Ayalonun səfir Oğuz Çelikkolu “Kurtlar Vadisi-Pusu” serialı ilə bağlı söhbətə çağırması ilə başlayıb. Bəzi məlumatlara görə, görüş çərşənbə axşamı baş tutmalı olsa da, səfirə bir gün əvvəl xəbərdarlıq ediblər ki, görüş televiziyaların kameraları qarşısında keçəcək.

Görüşdən əvvəl Danni Ayalon ivritcə yerli jurnalistlərə müraciət edib. O deyib ki, özü adi stulda, səfir Oğuz Çelikkol isə alçaq taxtda oturacaq. Bundan başqa, türkiyəli səfiri adəti üzrə nazirlikdə yox, Danni Ayalonun Knessetdəki kabinetində qəbul ediblər. Əvvəlcədən otaqdan Türkiyə bayrağı götürülüb, sərinləşdirici içkilər yığışdırılıb. Oğuz Çelikkol qəbulu yarım saat dəhlizdə gözləməli olub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar