İsrail Qəzza blokadasını yumşaltı
21 İyun 2010 Bazar Ertəsi 14:35
Qəzza zolağına mal keçirilməsinə qoyulan qadağa götürülüb.
Qəzzaya yardım aparan gəmilərə basqından sonra dünya ictimaiyyətinin qınağına tuş gələn İsrail hökuməti yeni addım atıb. İsrailin hərbi-siyasi kabineti silah və hərbi materiallar istisna olmaqla Qəzza zolağına bütün malların keçirilməsinə qoyulan qadağanı götürməyi qərara alıb. Xüsusən də hərbi məqsədlər üçün istifadə oluna bilməyəcək istənilən mal və materialların Qəzza zolağı ərazisinə keçirilməsinə imkan vermək üçün nəzarət-buraxılış məntəqələrinin iş formatı da genişləndiriləcək. Bu qərarın çıxarılmasında İsrailin Qəzzaya humanitar yardım aparan “Azadlıq donanmasına” hücumunu pisləyən dünya ictimaiyyətinin təzyiqlərinin müəyyən rol oynadığı istisna edilmir.

İsrail Nazirlər Kabinetinin qərarı üç il ərzində sanksiya siyasətinin yürüdülməsindən imtinanı özündə əks etdirir və bunun çərçivəsində yalnız ən çox ehtiyac duyulan 150-dək məhsulun Qəzzaya qanuni yolla keçirilməsinə icazə veriləcək. Bura daha çox dağıdılmış evlər və infrastruktur obyektlərinin bərpası üçün vacib olan inşaat materialları daxildir.

Həmçinin İsrail Nazirlər Kabinetinin qərarında Qəzza zolağına malların keçirilməsində istifadə oluna biləcək quru keçidlərindən istifadə imkanlarının genişləndrilməsi niyyəti də əksini tapıb. Bundan başqa sərhəd keçidlərinin iş vaxtı da uzadılacaq.

Bununla belə İsrail rəhbərliyi bəyan edib ki, sanksiyaların yüngülləşdirilməsi həyata keçirilən təhlükəsizlik prosedurlarına təsir göstərməyəcək və bura Qəzzaya gedən xarici gəmilərin saxlanılması ilə dəniz blokadası da daxildir. Hər hansı ölkə və ya təşkilat Qəzza zollağına dəniz yolu ilə humanitar yardım çatdırmağı qərara alacağı halda belə, həmin yük məcburi şəkildə Aşdod limanında yoxlanıldıqdan sonra Qəzza zolağına aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar