İsrail ordusunun Baş Qərargah rəisi qarət olunub. APA-nın “The Jerusalem Post” qəzetinə istinadən xəbərinə görə, general Qabi Aşkenazi kabinetini qoruyan əsgərin qurbanı olub.
İnsident Kiriya hərbi bazasında baş verib. Adı açıqlanmayan əsgər mobil telefon vasitəsilə generalın pasportunun və kredit kartının şəklini çəkib, həmçinin ona bağışlanan tapançanı oğurlayıb. Daha sonra o, topladığı məlumatları yerli cinayətkar qruplaşmadan olan ərəblərə ötürüb. Kredit kartı bağlanana qədər cinayətkarlar Q.Aşkenazinin bank hesabından 2000 şekel (524 dollar) oğurlamağa nail olublar.
İşin istintaqını aparan hərbi polis qarətə məruz qalan yüksək rütbəli hərbçinin adını gizli saxlasa da, məhkəmə jurnalistlərin iddiasını təmin edərək onun adını açıqlayıb. Oğurluğun üstü iki ədəd M-16 tüfənginin itməsi ilə bağlı aparılan istintaq zamanı açılıb. Bununla əlaqədar generalın kabinetini mühafizə edən əsgər və onun qardaşı həbs olunub. Məlum olub ki, onlar oğurladıqları silahı ərəb kriminal qruplaşmalarına satırmışlar.
APA