İsrail nazir müavini yenə böhran çıxardı
26 Yanvar 2010 Çərşənbə Axşamı 12:50
Danni Ayalon bu dəfə Belçika ilə diplomatik gərginlik yaradıb
Türkiyənin Təl-Əvivdəki səfiri Oğuz Çelikkola qarşı nəzakətsiz davranışıyla diplomatik qalmaqal yaradan İsrail xarici işlər nazirinin müavini Danni Ayalon bu dəfə Belçika hökümətini əsəbləşdirib.
Həftəsonunda İsrailə səfər edən Belçikanın inkişaf naziri Çarlz Miçelin Qəzza zolağına getməsinə icazə verilməyib. O isə Ayalonla görüşərək bildirib ki, "ölkəsi orada layihələr maliyyələşdirir və onun Qəzzaya getməsinə icazə verilməməsi məntiqsizlikdir".
Məsələylə bağlı bəyanat verən Ayalon isə deyib ki, "Bu cür səyahətlər yalnız "Həmas"ı gücləndirir və ona qanunilik qazandırır".
İsrailin bu davranışını Brüsseldə Avropa İttifaqının gündəminə gətirən Belçika naziri isə mətbuat konfransı keçirərək, İsraili "gülünc səbəblərlə" Qəzzaya səfərinə maneə törətməkdə günahlandırıb.
Belçika hökumətinin ona Qəzza xalqıyla görüşmək və əlaqələr qurmaq tapşırdığını deyən nazir, ora Belçika və Avropa Birliyinin ideallarını gücləndirmək üçün gedəcəyini bildirib.
Çarlz Miçelin qeyd edib ki, İsrail ona 2009-cu ilin mart ayından Qəzzaya getməyə mane olur.
BMT-nin yardım qurumları vasitəsilə Qəzzada məktəb tikmək və bəzi infrastruktur layihələrini icra etmək istəyən Belçika, İsrailə görə işlərə başlaya bilmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: