İsrail Fələstin parlamentinin spikerini həbs etdi
20 Yanvar 2012 Cümə 02:15
Əlləri və gözləri bağlanan Fələstin rəsmisi naməlum istiqamətdə aparılıb.
İsrail hərbçiləri Fələstin parlamentinin spikeri, HƏMAS hərəkatının üzvü Əziz Düveyki həbs edib. ANS PRESS xəbər verir ki, məlumatı “Frans Press” agentliyi HƏMAS nümayəndələrinə istinadən yayıb.
İlkin məlumatlara görə, Əziz Düveyk Qüdslə Rəmallah arasındakı nəzarət-buraxılış məntəqəsində yanvarın 19-da saxlanılıb. Fələstinin “Maan” agentliyi şahidlərə istinadən xəbər verir ki, həbs edilərkən Fələstin parlamentinin spikerinin əlləri və gözləri bağlanıb. Onu naməlum istiqamətdə aparıblar.
“Associated Press” agentliyi xəbər verir ki, İsrail rəsmiləri Əziz Düveykin həbsini şərh etmirlər.
Əziz Düveyk 2006-cı ilin fevralından Fələstin parlamentinin spikeridir. İsrail hərbçiləri onu 2006-cı ilin avqustunda da həbs etmişdilər. O vxat İsrail ordusunun kapralı Gilad Şalid qaçırıldıqdan sonra HƏMAS üzvü olan bəzi deputat və nazirlər həbs edilmişdilər. Onların arasında Əziz Düveyk də var idi. O, üç ilə yaxın həbsdə qalıb və 2009-cu ilin iyununda azadlığa çıxıb.
DOSTLARINLA PAYLAŞ: