İsrail BMT-yə müraciət etdi
10 İyul 2010 Şənbə 15:50
İsrail BMT-yə müraciət etdi. “Gəmini dayandırın!”.
İsrail BMT-nin baş katibi Ban Ki Muna məktubla müraciət edib. İsrailin BMT-dəki səfiri Qabriela Şalev məktubda beynəlxalq ictimaiyyət tərəfindən Qəzza zolağına göndərilən gəminin dərhal dayandırılmasını istəyib. Qeyd edək ki, gəmidə 2 min ton dərman və qida maddəsi var.
İsrailin “Haaretz” qəzetinin xəbərinə görə, Şalev məktubda yazıb ki, İsrail beynəlxalq hüquq çərçivəsində Qəzza zolağı istiqamətində mövcud dəniz embarqosunu saxlamaq haqqına malikdir. Qeyd edək ki, İsrail, Afinadan yola çıxan Moldova bayrağı altında üzən gəminin dayandırılması üçün artıq Yunanıstan və Moldova ilə də diplomatik əlaqəyə girib.
“France Press” agentliyi İsrailin xarici işlər naziri Aviqdor İibermanın Liviya gəmisinin Qəzzaya gəlməsinin qarşısını almaq üçün Yunanıstan və Moldova xarici işlər nazirləri ilə telefon əlaqəsi saxladığını yazıb. Agentliyin məlumatına görə, üç nazir gəminin Qəzzaya getməməsi ilə bağlı ortaq qərara gəliblər.
Agentliyə açıqlama verən İsrail rəsmiləri deyiblər ki, gəmi Misirin Əl-Ariş limanına yönləndiriləcək. Xəbərə görə, artıq Moldova rəsmiləri gəminin kapitanını da məlumatlandırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: