İsrail aprel-iyun aylarında İrana zərbələr endirə bilər
03 Fevral 2012 Cümə 12:58
Vaşinqton İsraili İrana qarşı hərbi əməliyyatlardan çəkindirməyə çalışır.
ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin İrana zərbələr endirəcəyi tarixi açıqlayıb. APA-nın məlumatına görə, Pentaqon rəhbəri hesab edir ki, İsrail İrana ilk zərbələri aprel-iyun aylarında endirə bilər. Brüsselə səfər edən Panettanı müşayiət edən “The Washington Post”un köşə yazarı Devid İqnatius yazır ki, nazir İsrailin İrana zərbə endirmək ehtimalını yüksək qiymətləndirib: “İsrail tərəfi İranın bomba hazırlamaq üçün təşkil olunmuş yeraltı laboratoriyalarda kifayət qədər uran ehtiyatı toplamasından ehtiyatlanırlar. Əgər belədirsə, Tehrana zərbələr qaçılmaz olacaq və İsraili bu addımdan yalnız ABŞ çəkindirə bilər. Bununla belə İsrailin baş naziri Netanyahu hesab edir ki, ölkəsinin taleyi ABŞ-dan asılı olmamalıdır”.
İqnatius yazır ki, Panetta və prezident Barak Obama İsrail tərəfinə hərbi əməliyyatlara qarşı çıxdıqlarını bəyan edirlər: “Vaşinqton hesab edir ki, Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar artıq bəhrəsini verməkdədir. Lakin Ağ Ev İsrail İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə hansı addımlar atacağını müəyyənləşdirməyib. ABŞ hələ İranın bu situasiyada hansı reaksiya verəcəyini hesablamağa çalışır. Ehtimal olunur ki, bu halda İran regionda yerləşən ABŞ hərbi bazalarına zərbə endirə, Hörmüz boğazını bağlaya bilər. ABŞ artıq boğazın bağlanmasına imkan verməyəcəyini bəyan edib. Vaşinqton həmçinin bu münaqişənin dünya iqtisadiyyatına təsirini - əsasən neftin qiymətinin sürətlə bahalaşacağını – nəzərə alır”.
DOSTLARINLA PAYLAŞ: