Işık Koşanerin istefası ilə bağlı müxtəlif versiyalar var
29 İyul 2011 Cümə 22:47
İbrahim Nəbioğlu: Türkiyədə xaos və başqa bir böhran yaşanmasın deyə, bütün televiziya kanalları yayımlarını kəsib.
“Türkiyə tarixində ilk dəfə 1990-cı ildə Baş Qərargahın rəisi istefa vermişdi. Amma komandanların hamısı öz yerində qalmışdı, bu hadisə isə həqiqətən də bir ilkdir”. Bunu ANS-ə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşanerin istefasını şərh edən ekspert İbrahim Nəbioğlu bildirib. Onun sözlərinə görə, bu hadisə o qədər yenidir ki, cəmi 2 saat əvvəl bütün Türkiyəyə bildirilib: “Türkiyədə xaos və başqa bir böhran alınmasın deyə, bütün televiziya kanalları yayımlarını kəsiblər. Bununla bağlı artıq müxtəlif versiyalar var”.
İ. Nəbioğlu deyir ki, bu istefada əsas məsələ bundan ibarətdir ki, iki gün sonra, yəni avqustun 1-də Türkiyə Yüksək Əsgəri Şuranın iclası keçirilməli idi: “Yüksək Əsgəri Şura Türkiyə ordusunun birillik yüksək rütbəli komandanlarını seçir, onları təyin edir və avqust ayının 30-da hər dəfə ənənəvi olaraq Zəfər bayramından əvvəl bu komandanlar iş başına gəlir”.
Ekspertin sözlərinə görə, Türkiyədə davam etməkdə olan “Ergenekon” davası çərçivəsində cəzaçəkmə müəssisələrində olan generallarla bağlı həm hökumət, həm də prezidentin Baş Qərargah arasında ciddi fikir ayrılığı var idi: “Bu gün sonuncu dəfə prezident Abdulla Güllə görüşən İşık Koşaner günorta saatlarından sonra öz son qərarını verib. Ondan sonra 3 yüksək rütbəli komandan öz istefa ərizələrini yazıblar”.
İ. Nəbioğlunun sözlərinə görə, bununla bağlı bu gün müxtəlif versiyalar var: “Amma Türkiyənin bugünkü gücünü, etibarını və ordu ilə xalq arasında qırılan bağı nəzərə alsaq, o qədər də ciddi problem görünmür”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: