İrlandiyada Avropa İttifaqına ümidlidir
23 Noyabr 2010 Çərşənbə Axşamı 15:25
Ölkə höküməti isə istefaya getmək niyyətində deyil
İrlandiyada yaşanan dərin iqtisadi böhranın yaratdığı etiraz dalğasına baxmayaraq, hökümət istefaya getmək niyyətində deyil. Hökumət Avropa İttifaqından alacağı yardımla vəziyyəti stabilləşdirəcəyinə ümüd edir.

İrlandiyanın baş naziri Brayan Kouen 2011-ci ilin büdcəsi qəbul olunana və beynəlxalq yardım paketinə dair detallar üzrə danışıqlar yekunlaşanadək hökumətin istefa verməyəcəyini və növbədənkənar seçkinin keçirilməsi barədə istənilən qərarın təxirə salınacağını bəyan edib. B. Kouen paytaxt Dublində keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib. O, büdcə layihəsinin qəbul olunmasının siyasi sabitlik maraqları baxımından hazırda ölkə üçün vacib olduğunu deyib. Onun sözlərinə görə, bu məsələdə istənilən ləngimənin ölkənin mövqeyini zəiflədəcəyini anlamaq lazımdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan yardım qərarını imzalamasından sonra yaranmış ziddiyyətlər fonunda İrlandiyanın koalisiya hökumətindəki partiyalardan biri olan Yaşıllar Partiyası koalisiyadan çıxmaq niyyətini açıqlayıb və yanvarda növbədənkənar seçkinin keçirilməsinə çağırıb. Onların bu çağırışını leyboristlər də dəstəkləyib. B. Kouen isə qanunvericilərin 2011-ci ilin büdcəsini qəbul etməsindən, dörd illik maliyyə planını açıqlamasından və beynəlxalq yardım qərarının təsdiqlənməsindən sonra gələn il İrlandiya parlamentinin buraxılmasına çalışacağını vəd edib.

Xatırladaq ki, İrlandiya hökuməti Avropa Birliyinə və Beynəlxalq Valyuta Fonduna kömək üçün müraciət etmək qərarını noyabrın 21-də çıxarıb. Ölkənin borcu isə 19 milyard avro təşkil edir. İrlandiya hökuməti hazırda xərclərin azaldılması planı üzrə hazırlıqları yekunlaşdırmaqdadır. Plan dörd ildə 15 milyard avro qənaət edilməsindən ibarətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar