İrəvanın yeni seçilmiş meri and içib
11 İyun 2009 Cümə Axşamı 14:35
Seçkidə Respublika Partiyası qalib gəldiyindən Beqlaryan avtomatik olaraq mer seçilib

 

İrəvanda yeni seçilmiş mer Qaqik Beqlaryan bu gün təntənəli sürətdə and içib. “Armtoday” saytının məlumatına görə, Q. Beqlaryan Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyan, hökumət üzvləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə and içib.

Xatırladaq ki, mayın 31-də Ermənistanda ilk dəfə olaraq 65 nəfərdən ibarət olan İrəvan Ağsaqqallar Şurasına proporsional sistem üzrə seçki keçirilib. Rəsmi nəticələrə görə, seçkidə Respublika Partiyası qalib gəldiyindən Beqlaryan avtomatik olaraq mer seçilib. Belə ki, yeni qanuna görə seçkidə qalib gəlmiş partiyanın seçki siyahısındakı birinci şəxs avtomatik olaraq mer olmalıdır. Q. Beqlaryan elə seçkidən əvvəl də prezident tərəfindən təyin olunmuş mer idi.
Qeyd edək ki, müxalifət və KİV seçki prosesi zamanı ciddi qanun pozuntuları qeydə almışdı. Seçki məntəqələrindən birində müxalifət qəzetindən olan 3 jurnalist döyülmüş, müxtəlif ərazilər üzrə təkrar və açıq səsvermə halları, vilayət sakinlərinin səsverməsi qeydə alınmışdı. Bu səbəbdən seçkidə müxalifəti təmsil edən Erməni Milli Komitəsi Ağsaqqallar Şurasındakı mandatından imtina edib. Seçki prosesi zamanı baş vermiş bir sıra qanun pozuntuları ilə əlaqədar cinayət işi açılıb. Faktla bağlı iki nəfər saxlanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar