“İrəvanın sülh danışıqlarındakı məğlubiyyəti yaxınlaşır”
19 Sentyabr 2009 Şənbə 01:20
“Serj Sarkisyan beynəlxalq ictimaiyyətin gözündə legitimlik qazanmaq üçün güzəştlərə getməyə məcburdur”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi elə bir mərhələyə daxil olub ki, Serj Sarkisyanın geriyə yolu yoxdur”. Bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan İrəvanda keçirilən mitinqdə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunda təmisil olunan ölkələrin prezidentləri iyulun 10-da bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində birbaşa iştirak edəcəklər. Ermənistan müxalifətinin liderinin fikrincə, belə hadisələr adətən danışıqların yekun mərhələsində baş verir, Yəni, Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda deyil. Levon Ter-Petrosyan deyib ki, bəyanat yüksək səviyyədə verilibsə, deməli orada qeyd olunan həll prinsipləri dəyişiklik və müzakirə üçün açıq deyil.
Keçmiş Ermənistan prezidentinin sözlərinə görə, rəsmi İrəvanın apardığı təbliğatdakı üç əsas fikir həqiqəti əks etdirmir: təqdim olunmuq nizamlama planında Dağlıq Qarabağın təhlükəsizliyinə təminat verilmir, Ermənistanla Qarabağ arasında yerüstü əlaqə təmin olunmur və Dağlıq Qarabağın öz müqəttədarıtın təyinetmə hüququndan istifadəsinin mümkünlüyü təsdiqlənmir: “Belə vacib elementlərin olmaması o deməkdir ki, Madrid prinsiplərinin yekun variantı yenidən gündəliyə gəlib. Başqa sözlə, Ermənistan hakimiyyəti on il əvvəl imtina edilən və məğlubiyyət kimi başa düşülən varianta qayıdıb”. Levon Ter Petrosyan deyib ki, 1997-ci ildə həmsədrlər tərəfindən təqdim olunan variant erməni tərəfi üçün daha məqbul olub: “Ən azı ona görə ki, həmin təkliflərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi açıq şəkildə qeyd olunurdu və azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qaytarılması barədə bir söz də yox idi”.
Levon Ter-Petrosyanın fikrincə, baş verənlərin əsas səbəbi Dağlıq Qarabağın danışıqlar prosesində bir tərəf kimi uzaqlaşdırılması və Serj Sarkisyanın qeyri-legitim prezidentliyidir. Onun sözlərinə görə, Serj Sarkisyan beynəlxalq ictimaiyyətin gözündə legitimlik qazanmaq üçün həm Dağlıq Qarabağ məsələsində, həm də Türkiyə ilə münasibətlərdə güzəştlərə getməyə məcburdur.
DOSTLARINLA PAYLAŞ: