İrəvanın Azadlıq meydanı müxalifətin əlinə keçdi
17 Mart 2011 Cümə Axşamı 21:15
Ermənistan müxalifəti 3 illik fasiləyə son qoyub
Ermənistan müxalifəti 3 illik fasilədən sonra paytaxt İrəvanın Azadlıq meydanına daxil ola bilib. Eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresinin təşkil etdiyi kütləvi yürüşün qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları Azadlıq meydanına gedən bütün yolları bağlayıblar. Lakin konqresin koordinatoru Levon Zurabyanın polislərlə apardığı danışıqlardan sonra nümayişçilər meydana buraxılıblar.
Bundan sonra digər müxalifət partiyalarının liderləri də Azadlıq meydanına giriblər. Ermənistan mətbuatının məlumatlarına görə, mitinq iştirakçılarının sayı durmadan artır.
Qeyd edək ki, 2008-ci ildə keçirilən seçkilərin saxta olduğunu iddia edən Ermənistan müxalifətinin Azadlıq meydanındakı aksiyası amansızlıqla yatırılmışdı. Rəsmi rəqəmlərə görə, 9 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Bir çox müxalifətçi də həbsə atılmışdı.
Növbəti etiraz aksiyasının aprelin 8 -də keçirilməsinə qərar verilib.
DOSTLARINLA PAYLAŞ: