İrəvandakı atışma ilə bağlı yeni təfərrüatlar
21 Aprel 2010 Çərşənbə 04:20
Serj Sarkisyan və Robert Koçaryanın adamlarının toqquşmasında nazir müavini də iştirak edib.
Ötən şənbə İrəvanda Serj Sarkisyan və Robert Koçaryanın adamları arasında baş vermiş atışma ilə bağlı yeni təfərrüatlar ortaya çıxmaqdadır. Ermənistan KİV-inin məlumatına görə, “razborka”da kriminal aləmdə nüfuza malik adamlar da işirak ediblər.

“Aykakan Jamanak” qəzetinin məlumatına görə, münaqişə “Çiçəklənən Ermənistan” partiyasının (keçmiş Ermənistan prezidenti Robert Koçaryanın siyasi layihəsidir) Qaqik Çarukyan və İrəvanın meri Qaqik Beqlaryan (“Qara Qaqo”) arasında baş verib. Toqquşmaya “xaç atası” Dmbuz Xendoya məxsus ərazi səbəb olub. Sonuncu ilə yanaşı davada tanınmış mafioz “Eror masi Qonç” da iştirak edib. O, Ermənistan polisi rəisinin qətlə yetirilmiş müavini Gevork Mqeryanın qohumudur. Bundan başqa, atışmada kriminal avtoritet Masivi Jironu da görənlər olub. “Aravot” qəzetinin məlumatına görə, “razborka”ya Rusiyadan erməni kriminal avtoritetlər də gəliblərmiş.

Hadisə yerindən çəkilmiş fotolardan görünür ki, dava iştirakçılarından bəzilərinin pencəklərinin yaxasında “Çiçəklənən Ermənistan” partiyasının nişanları var. Qaqik Çarukyanın mətbuat katibi Xaçik Qalustyan insidentdə partiya üzvlərinin iştirakını təkzib edir. Amma o, “Partiyanın nişanını gəzdirən şəxslər kimlər olub” sualına cavab verə bilməyib.

Öz növbəsində “Çorrod İnknişxanutyun” qəzeti yazır ki, hadisə yerində Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Vardan Karapetyan da olub. Nazir müavini isə həmin yerdə olmasını bacısının evindən çıxması və insidentin baş verdiyi ərazidən təsadüfən keçməsi ilə izah etməyə çalışıb: “Hamı dayanıb baxırdı. Mən də baxmaq üçün dayandım. İşdən sonra bacımgilə getmişdim. Bu cinayətdir? Mən “razborka”da iştirak etməmişəm. Belə hadisələrə qarışmaq ayıbdır”.

atırladaq ki, aprelin 17-də İrəvandakı “Crazy Horse” striptiz klubunda iri kriminal “razborka” baş verib. Münasibətlərin ayırd edilməsində əsasən Abovyan və İrəvan şəhərlərinin sakinləri iştirak ediblər. Onların bəzilərində keçmiş Ermənistan prezidenti Robert Koçaryanın siyasi layihəsi olan “Çiçəklənən Ermənistan” partiyasının nişanları olub.

Hadisə yerindəki jurnalistlərin verdiyi məlumata görə, sriptiz klubuna dərhal polis əməkdaşları gəlib və toplaşanları tərksilah edib. Atəş səsləri eşidilsə də, xəsarət alanın olmadığı bildirilir. Striptiz klubunun qarşısında çoxlu sayda xarici maşın və 40-a yaxın adam olub. Şahidlərin sözlərinə görə, “razborka” iştirakçıları silahlı olublar. Hadisənin təfərrüatları ilə bağlı dərhal rəsmi məlumat yayılmasa da, məlum olub ki, striptiz klubuna toplaşanlar əsasən kriminal aləmin nümayəndələri olublar. Onların arasında polis rəisinin qətlə yetirilmiş müavini Gevork Maqeryanın qohumu, kriminal aləmdə “Erordmasci Qonç” kimi tanınan şəxsin də olduğu bildirilir. İlkin məlumatlara görə, münasibətlərin ayırd edilməsinə hansısa ərazi ilə bağlı mübahisə səbəb olub. Mübahisə tərəfləri isə “Çiçəklənən Ermənistan” partiyası və hakim Respublika partiyasının üzvləri olublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar