İrəvanda növbəti etiraz aksiyası
06 Mart 2013 Çərşənbə 07:49
Sarkisyanın hakimiyyətdə qalmasında maraqlı qüvvələr var.
Ermənistanda prezident seçkilərində qalib gəldiyini elan edən “İRS” partiyasının lideri Raffi Ovanisyan bu gün İrəvanın Azadlıq meydanında növbəti etiraz aksiyasını keçirib. O seçkilərin rəsmi nəticələri ilə bağlı konstitusiya məhkəməsinə şikayət etdiyini deyib. O qələbə çalana qədər mübarizəni davam etdirəcəyini bəyan edib.

Raffi Ovanisyan bildirib ki, hakimiyyət özü erməni xalqına tabe olmalıdır, əks halda xalqın məhkəməsində cavab verməlidir: “Rusiya, ABŞ geosiyası maraqlarını həyata keçirməkdənsə, hökümətin qeyri-legiytimliyini və qeyri-qanuniliyini qəbul etməlidirlər”.

Azərbaycanlı siyasətçilər isə bu mübarizədə Raffi Ovanisyanın şanslarını aşağı qiymətləndirirlər. Müsavat partiyasının funksioneri Arif Hacılı hesab edir ki, Ovanisyan ölkədə elə də ciddi siyasi qüvvə deyil: “Seçkidən imtina etmiş əsas siyasi qüvvələr Ovanisyanı dəstəkləsələr, bu Serj Sarkisyanın istefası ilə başa çata bilər. Bu isə Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir göstərə bilər”.

Arif Hacılı bildirib ki, əvvəllər Azərbaycana qarşı ən agressiv olan siyasi qüvvə məhz Koçəryan, Sarkisyan birliyi idi: “Əslində, bu siyasi qüvvənin başında Serj Sarkisyan dayanıb. Sarkisyan hakimiyyətdə qaldıqca Ermənistan bu konfliktin həlli istiqamətində hər hansı bir konstruktiv addım atılmayacaq”.

Politoloq Qabil Hüseynli də Sarkisyanın hakimiyyətdə qalmasını sülh prosesinə mane olduğunu deyib: “Sarkisyan keçmiş səhra komandiridir. Danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hətta ATƏT-in təklif etdiyi konsesusdan daha sərt, daha radikal variantlar təklif edir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə hesab edir ki, Sarkisyanın hakimiyyətdə qalmasında beynəlxalq qüvvələrin marağı var: “Status-kvonun qorunub saxlanmasında, Azərbaycan torpaqlarının işğal altında qalmasında həm Amerika, həm Rusiya, həm də Fransa maraqlıdır. Ona görə də Sarkisyanı orada hakimiyyətdə saxlayırlar ki, problem öz həllini
Tapmasın, region dövlətləri onlardan asılı vəziyyətdə qalsın.

Qeyd edək ki, dünyanın əksər ölkələrinin liderləri, o cümlədən, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Fransa və Rusiyanın prezidentləri Serj Sarkisyanı prezident seçilməsi münasibətilə rəsmən təbrik ediblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar