İrəvanda məşhur dissidentin oğlu həbs edildi
06 Sentyabr 2013 Cümə 00:30
Rusiyanın böyük düşməni Stepan Zatikyanın oğlu da atasının yolu ilə gedir.
Sentyabrın 5-də İrəvanda sovet illərində güllələnmiş məşhur dissident Stepan Zatikyanın oğlu tutulub. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Vrej Zatikyan Ermənistanın Gömrük İttifaqına girməsinə qarşı keçirilən etiraz mitinqləri zamanı tutulub.
Dissident Stepan Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğata görə həbs edilmişdi. 1972-ci ildə həbsxanadan çıxmışdı və fəhlə kimi fəaliyyətə başlamışdı. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermişdi, lakin buna nail ola bilməmişdi. O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.
Moskva metrosunda 1977-ci ildə baş vermiş partalayış onu yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib.
Partlayış zamanı isə Zatikyan İrəvanda olmuşdu. 1979-cu ildə keçirilən məhkəmədə Zatikyan terrorçular tərəfindən irəli sürülən bütün iddiaları rədd etmişdi. Lakin buna baxmayaraq məhkəmə onun qətlinə fərman vermişdi və o, 1979-cu il yanvarın 24-də güllələnmişdi.
DOSTLARINLA PAYLAŞ: