İrəvanda hökumət binasının qarşısında qarşıdurma: 2 deputat yaralanıb
03 Mart 2011 Cümə Axşamı 23:16
Hadisə yerinə təcili yardım maşını çağırılıb.
Ermənistanda hökumət binasının qarşısında polislərlə küçə ticarətinin qadağan olunmasına etiraz edən aksiya iştirakçıları və “İrs” fraskiyasının deputatları arasında qarşıdurma baş verib. ANS PRESS Ermənistanın "Tert.am" saytına istinadən xəbər verir ki, İrəvanın şəhər idarəsinin rəis müavini Robert Melkonyanın göstərişi ilə polis ticarətçilərə və deputatlara hökumət binasına yaxınlaşmağa icazə verməyib, aksiya iştirakçıları itələnib, döyülüb və ərazini tərk etməyə məcbur ediliblər.
Məlumata görə, “İrs” fraksiyasının deputatı Anait Baxşyan aldığı zərbənin gücündən özünü pis hiss edib, əraziyə təcili yardım maşını gəlib. Deputat Armen Martirsyan da həmçinin xəsarət alıb.
Aksiya fəallarından biri isə bölməyə aparılıb. Hadisə yerinə yeni seçilmiş ombudsman Jaren Andreasyan da gəlib. O məsələyə aydınlıq gəirəcəyinə söz verib.
"İrs" partiyasının parlament fraksiyasının rəhbəri Stepan Safaryan Ermənistanın polis rəisinin istefasını tələb edib. "Baş nazirdən özlərini polis adlandıran bu canavar sürüsünə qarşı cinayət işinin açılmasını tələb edirik", - deyə Safaryan bildirib.
Bir qrup deputat isə hökumət binasına girərək baş verən hadisənin səbəbini aydınlaşdırmağa çalışır. Polis onları birinci mərtəbənin dəhlizindən o yana buraxmayıb və yuxarı qalxmalarına icazə verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: