İrəvana müfəttiş gedir
18 Yanvar 2011 Çərşənbə Axşamı 02:40
Bu gün Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistana səfəri başlayır.
Bu gün Avropa Şurasının insan hüşuşları üzrə xüsusi nümayəndəsi Tomas Hammarberqin Ermənistana dörd günlük səfəri başlayır. Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Tomas Hammarberqin Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, ədliyyə naziri Qrayr Tovmasyan, eləcə də hakim koalisiyadan olan siyasi qüvvələr, müxalifət partiyaları və ictimai təşkilatların nümayəndələri ilə görüşləri planlaşdırılır.

Tammas Hammarberq Erməni Milli Konqresinin lideri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanla görüşmək niyyətindədir. Bunu EMK-nin AŞ PA-dakı nümayəndəsi Arman Qriqoryan deyib. Onun sözlərinə görə, tərəflər siyasi məhbuslar, 1-2 mart 2008-ci il hadisələri, KİV və toplaşmaq azadlığı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Avropa komissarı “Aykakan jamanak” qəzetinin hazırda həbsdə olan baş redaktoru Nikol Paşinyanla da görüşəcək. Nikol Paşinyan ötən il yanvarın 19-da məhkəmənin hökmü ilə 2008-ci ilin 1-2 martında İrəvanda kütləvi iğtişaşların təşkilində təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilib. Mart hadisələrindən sonra baş redaktor barəsində axtarış elan edilib, 2009-cu il iyulun 1-də isə o polisə təslim olub.

Ermənistanda siyasi məhbuslar və siyasi motivlərlə təqib edilənlərin Müdafiə Komitəsi Tomas Hammarberqin səfəri ilə əlaqədar piket keçirmək niyyətindədir. Komitənin məlumatında deyilir ki, piket Avropa komissarının qaldığı mehmanxananın qarşısında keçiriləcək və siyasi məhbusların dərhal azad olunması tələb ediləcək.

Tomas Habbarberqin Ermənistana səfəri yanvarın 21-də başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar