İrəvan polisinin rəisi mitinqçilərə hücum edib
16 Oktyabr 2010 Şənbə 12:35
Ermənistanda müxalifətin mitinqi zamanı insident baş verib.
Ermənistan müxalifətinin mitinqinin “Azadlıq” meydanında keçirilməsinə İrəvan meriyası icazə vermədiyindən, aksiya iştirakçıları Matenadaran yaxınlığındakı Qədim Əlyazmalar İnstitutunun qarşısında toplaşıb. İrəvanda yağışlı hava müşahidə olunduğundan mitinq iştirakçıları ənənəvi marşrutlardan istifadə etməyib. Onlar müxtəlif küçələrə səpələnərək hərəkət ediblər. Bu zaman Erməni Milli Konqresinin gənc fəalları “Serjikə ölüm”, “Serjikə ar olsun”! şuarları səsləndiriblər. İrəvan polisinin rəisi Robert Melkonyan onları şəxsən susdurmağa çalışıb və nəticədə insident baş verib.

Erməni müxalifətinin lideri Levon Ter-Petrosyan mitinqdə bəyan edib ki, hakimiyyət korrupsiyada boğulur. “Prezident başda olmaqla hakimiyyətin yuxarı eşalonu, nazirlər, prokurorlar, generallar, deputatlar və hakimlərin hamısı rüşvətxorluqla məşğuldurlar, onlar korrupsiyaya bulaşıblar.

“Bütün bu ağırlıq sadə insanların çiyninə düşür. Çünki korrupsiyanın başqa mənbəyi yoxdur. Nəticədə varlılar daha da varlanır, kasıblar isə daha da yoxsullaşır”, - deyə Levon Ter-Petrosyan bildirib.

Mitinqdən sonra keçirilməsi nəzərdə tutulan yürüşün marşrutu isə pis hava şəraiti ucbatından qısaldılıb. Erməni Milli Koqresi növbəti mitinqini oktyabrın 19-da keçirməyi qərara alıb.

Qeyd edək ki, oktyabın 19-21-də Avropa Şurasının demokratiya ilə bağlı İrəvanda tədbiri olacaq. Mitinq iştirakçıları bəyan edib ki, aksiya hava şəraitindən asılı olmayaraq toplantının keçiriləcəyi binanın qarşısında olacaq. Burada əsasən 4 məsələ qaldırılacaq. Bunlar siyasi məhbuslara azadlıq, Ermənistanda müstəqil televiziyanın yaradılması, 2008-ci il 1 mart hadisələrinin üstünün açılması, növbədən kənar parlament və prezident sekçilərinin keçirilməsi olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar