İrəvan meri prezident aparatının əməkdaşını döyüb
08 Dekabr 2010 Çərşənbə 11:40
Merin protokol xidmətinin əməkdaşını döyməsi ilə bağlı yeni faktlar aşkarlanıb
İrəvanın meri Qaqik Beqlaryan Ermənistan prezident aparatının protokol şöbəsinin əməkdaşı Aram Kandaqanı vəhşicəsinə döyüb. Ermənistanın "1in.am" internet saytının məlumatına görə, hadisə dekabrın 4-də prezident aparatının rəhbəri Karen Karapetyanın vastəçiliyi ilə törədilib.

Məlumata görə, hər şey tenor Plasido Dominqonun dekabrın 3-də olan konserti zamanı başalayıb. Qaqik Beqlaryanın həyat yoldaşı öz rəfiqəsi ilə Ermənistan prezidenti Serj Sarkisyan yanında əyləşiblər. Protokola görə isə Sarkisyanla bərabər ancaq bütün ermənilərin katalikosu, Xalq yığıncağının sədri və baş nazir əyləşə bilər. Bu qaydanın təminatı üçün protokol şöbəsinin əməkdaşı Aram Kandayan merin həyat yoldaşına yaxınlaşaraq, ondan yerini dəyişməsini istəyib. Bu xahişdən inciyən qadın bu barədə ərinə məlumat verib.

Q.Beqlaryan şöbənin "qəbahət işləyən" əməkdaşının cəzalandırılması üçün tədbir görüb. O, prezident aparatının rəhbəri Karen Karapetyandan Kandayan ilə görüş təşkil etməsini istəyib. Nəticədə mer prezident aparatının əməkdaşını "Metaks" zavoduna aparıb və onu döyüb. Bundan sonra A.Kandayan baş vermiş hadisə barədə prezident aparatının sədrinin müavini Mixail Minasyana məlumat verib. O, isə öz növbəsində merə zəng edərək hadisəyə görə, onu məzəmmət edib. Hadisə barədə Serj Sarkisyan da məlumatlandırılıb. O da Karen Karapetyandan izahat tələb edib. Sonuncu səhv etdiyini və istefa ərizəsi yazmağa hazır olduğunu bildirib. Bəz məlumatlara görə, Karapetyan artıq istefa haqqında ərizəsini yazıb.

Qaqik Beqlaryana gəldikdə isə bütün prezident aparatı ona qarşı boykot elan edib. Ermənistan prezidenti meri qəbul etməkdən və ona qulaq asmaqdan imtina edir. Karapetyanın isə bütün telefonları söndürülüb. Hələlik bu işin İrəvan merinin istefası ilə nəticələnib-nəticələnməyəcəyini demək çətindir.

"1in.am"ın məlumatına görə, həm prezidentin, həm də İrəvan meriyasının mətbuat xidməti bu məlumatı təkzib edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar