İraqın digər ölkələrlə əlaqəsi dayandırılacaq
07 Mart 2010 Bazar 12:30
Sözügedən qərar bu gün axşam reallaşdırılacaq
İraqda bu gün yerli vaxtla səhər saat 08:00-da parlament seçkilərinin keçirilməsinə start verilib. Bunula əlaqədar ölkədə komendant saatı tətbiq olunub. Komendant saatı rejimi martın 8-i səhər saat 05:00-dək davam edəcək.
Xüsusi icazə olmadan sakinlərin və avtomobillərin hərəkəti qadağan edilib. Küçələrdə polis nəzarəti gücləndirilib. Həmçinin, bu gün axşam saat 21:00-dan martın 8-i səhər saat 05:00-dək İraqın digər ölkələrlə dəniz, hava və quru nəqliyyatı ilə əlaqəsi dayandırılacaq.
Bu gün asayişin qorunmasına bir milyonadək hərbçi, polis əməkdaşı, kəşfiyyat xidməti əməkdaşı, həmçinin Amerika hərbçiləri cəlb olunub. Seçki günü ölkədə artıq ilk partlayış səsləri də eşidilib. Partlayışlar nəticəsində Bağdadda 2 yaşayış evinin dağıldığı bildirilir. İraqın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, partlayışlar nəticəsində 16 nəfər həlak olub, 8 nəfər yaralınıb.
Qeyd edək ki, İraqın 18 əyalətində 10 mindən çox seçki dairəsi, 52 min isə seçki məntəqəsi yaradılıb. 10 saat davam edəcək seçkilərdə 19 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir. Seçkilərin baş tutması üçün ölkə hakimiyyətinə digər dövlətlər tərəfindən maddi yardımlar edilib.
Verilən məlumatlara görə, ilk olaraq Çin İraqı 100 mindən çox seçki qutusu və səsvermə zamanı istifadə olunan xüsusi mürəkkəblə təmin edib. Çindən başqa Birləşmiş Ərəb Əmirliklərinin də, İraq üçün 26 milyon bülleten çap etdyi bildirilir. Livanın isə seçici siyahılarının hazırlanması və seçkilərin nəticələrinin dərc edilməsi kimi məsuliyyətli işi öz üzərinə götürdüyü bildirilir. Seçki məntəqələrində bu gün 300 mindən çox insan işləyəcək. Təhlukəsizlik tədbirləri isə 670 min həbçi tərəfindən qorunur. Bundan başqa daha 96 min Amerika hərbçisi də, təhlükəsizliyi qoruyacaq.
Parlament seçkilərinin monitorinqi isə 500 beynəlxalq müşahidəçi, həmçinin, Ərəb Ölkələri Liqasından 70 nümayəndə, eləcə də 250 min yerli təşkilat və cəmiyyətin nümayəndlələri tərəfindən aparılacaq. Səsvermənin axşam 18:00-dək davam edəcəyi bildirilsə də, bunun bir neçə saat uzadılması da istisna edilmir.
Parlament seçkilərində 4 əsas partiya mübarizə aparır. Bunlar baş nazir Nuri əl-Malikinin liderlik etdiyi Dövlət Qanununa Dəstək Koalisiyası, vitse-prezident Tarik əl-Haşiminin başçılıq etdiyi İraq Bloku, İraq Milli Alyansı və Kürd Demokrat partiyasıdır.
Qeyd edək ki, 325 deputat mandatı üğrunda 6218 namizəd mübarizə aparır. İraq Seçki Komitəsi tərəfindən seçkilərin nəticələrinin ən geci martın 11-də açıqlanacağı gözlənilir. Bundan sonra isə 2 həftə ərzində parlament seçkilərinin nəticələri ali məhkəmə tərəfindən təsdiq eidləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: