İraqda üç partlayış olub
04 Fevral 2011 Cümə 01:20
Silsilə xarakter daşıyan partlayışlar nəticəsində 20 nəfər xəsarət alıb
İraqda ötən gün baş vermiş üç partlayış nəticəsində 8 nəfər ölüb, 20 adam xəsarət alıb. Məlumatı “Associated Press” agentliyi yerli hökumət və həkimlərə istinadən yayıb.
İlk partlayış paytaxt Bağdaddan 115 kilometr qərbdə yerləşən Ər-Ramadi şəhərində Bakı vaxtı ilə saat 19.00-da baş verib. Yerli hökumətin nümayəndəsi Casim əl Halbusinin sözlərinə görə, ilk partlayışdan bir qədər sonra ikinci partlayış olub. Terrorçu birinci partlayışdan zərər çəkənlərin yardımına gələn adamların arasında partlayıcı qurğunu işə salıb. Yerli xəstəxananın nümayəndəsi məlumat verib ki, həlak olanların hamısı polis əməkdaşlarıdır.
Xəstəxananın yaxınlığında baş verən üçüncü partlayış nəticəsində həlak olan və xəsarət alan yoxdur.
Bu ilin yanvarında İraqda zorakılıq qurbanlarının sayı son dörd ay ərzində ən yüksək həddə çatıb. İlin ilk ayı ərzində 259 nəfər, o cümlədən, 159 mülki şəxs həlak olub. Müdafiə, Daxili İşlər və Səhiyyə nazirliklərinin məlumatına görə, yanvarda baş vermiş zorakılıq aktları nəticəsində 263 nəfər xəsarət alıb. 2010-cu ilin sentyabrında İraqda 273 nəfər həlak olmuşdu.
DOSTLARINLA PAYLAŞ: