İraqın Mosul şəhərini ələ keçirdikdən sonra paytaxt Bağdad şəhərinə tərəf irəliləyən İŞİD döyüçüləri Səddam Hüseynin vətəni olan Tikrit vilayətində 1700 polis işçisini tək-tək güllələyib.
ANS PRESS-in məlumatına görə, İŞİD döyüşçüləri qısa bir müddət ərzində Tikrit şəhərində yerləşən “Səlahəttin” adlı polis idarəsini və qərargahını ələ keçiriblər.
İŞİD tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Tikritdəki əməliyyat zamanı 2 min 500 polis nəfəri əsr götürülüb. Əsir götürülən şiə təriqətli 1700 polis nəfərinin güllələnərək qətlə yetirildiyi bildirilib. Digər polis içiləri isə əfv edilib.
Bu əmrin İŞİD lideri Əbu Bəkir Əl Bağdadi tərəfindən verildiyi qeyd olunub.
Qeyd edək ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.
Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.