İraq şiələrinin lideri qayıtdı
06 Yanvar 2011 Cümə Axşamı 12:00
Müqtəda-əs-Sədr Ən-Nəcəfdə təmtəraqla qarşılanıb
İraqın radikal şiələrinin lideri Müqtəda-əs-Sədr 3 il fasilədən sonra vətəninə qayıdıb. O, doğma Əl-Nəcəf şəhərində təmtəraqla qarşılanıb. Müqtəda-əs-Sədr 2007-ci ildə İraqı tərk edəndən sonra İranın Qum şəhərində təhsil alaraq orada da yaşayırdı. Müqtəda-əs-Sədrin İraqa dönməsindən sonra şiələrin ali dini rəhbəri ayətullah Əli-əl-Sistani ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, əs-Sədr 2003-cü ildə “Mehdi Ordusu” hərbi qruplaşmasına başçılıq edərək ABŞ rəhbərliyi altında koalisiya qoşunlarına qarşı döyüşlərdə iştirak etdikdən sonra məşhurlaşmışdı. 2008-ci ilədək koalisiya qoşunlarına qarşı döyüşən “Mehdi Ordusu”nun lideri nəhayət silahdaşlarına silahı yerə qoymaq tapşırığını vermişdi. “Mehdi Ordusu” 2008-ci ildə hərbi əməliyyatları sona çatdırsa da fəaliyyətini dayandırmayaraq İraq siyasətinə fəal şəkildə təsir etmək imkanlarını saxlayıb.
Xatırladaq ki, Müqtəda-əs-Sədrin lideri olduğu şiələr 2005-ci ildə “Birləşmiş İraq Alyansı” adı altında milli parlamentdə təmsil olunmaq hüququ qazanmışdılar. Növbəti il isə “Birləşmiş İraq Alyansı”nın dəstəyi ilə Nuri-əl-Maliki İraqın baş naziri postunu tutmuşdu. Sonradan Nuri-əl-Maliki və şiələrin lideri arasında fikir ayrılığı yaranmışdı. Ancaq Nuri-əl-Maliki Müqtəda-əs-Sədrlə dil tapdıqdan sonra öz postunda qalmağa nail olmuşdu.
DOSTLARINLA PAYLAŞ: