İranın ali dini lideri ölkə siyasətçilərinə müraciət etdi
21 İyul 2009 Çərşənbə Axşamı 22:10
Əli Xamneyi hesab edir ki, İran elitası qarmaqarışıq vəziyyətdə düzgün mövqe tutmalıdır

İran daxilində ölkənin əsas aparıcı qüvvələri arasındakı fikir ayrılığı artıq özünü açıq şəkildə biruzə verməyə başlayıb. İranda əsas söz sahibi olan Ali Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin hakimyyəti tənqid etməsinə dini liderin cavabı özünü çox gözlətməyib.  İranın Ali dini lideri Ayətullah Əli Xamneyi siyasətçiləri ölkədəki təhlükəsizliyi sarsıtmamağa çağırıb. O eyni zamanda çıxışında İran elitasının iyunda keçirilən prezident seçkilərindən sonra yaranan qarmaqarışıq vəziyyətdə düzgün mövqe tutmasının vacibliyini qeyd edib.

Xamneyi nitqi zamanı konkret adlar çəkməsə də, onun sözlərinin seçkilərdə qalib gəldiyini iddia edən Mir Hüseyn Musaviyə və ötən şənbə cümə namazı zamanı ölkə rəhbərliyini tənqid edən Əli Əkbər Haşimi Rəfsəncaniyə ünvanlandığı aydındır. İranda bütün məsələlər üzrə son sözə malik olan Əli Xamneyi prezident Mahmud Əhmədinejadın yenidən seçilməsini qanuni adlandıraraq, nəticələr ətrafında müzakirələrin aparılmasına son qoymağı tələb edib.

Xatırladaq ki, ötən həftə İranın mərkəzində yeni bir həyəcan yaşanmışdı. Belə ki, Tehran universitetində Haşimi Rəfsəncani prezident seçkilərindən sonra baş verən hadisələrə görə hakimiyyəti gunahlandırmışdı. Həmin mərasimdə iştirak edən muxalifət tərəfdarlı tədbirdən sonra kuçələrə çıxaraq 12 iyun prezident seçkilərində özünü qalib elan edən Mahmud Əhmədinejada qarşı şüarlar səsləndiriblər. Maraqlıdır ki, bu etirazlar zamanı aksiya iştirakçıları Rusiya əleyhinə də şüarlar səsləndiriblər. İnternetdə yerləşdirilən kadrlarda aksiya iştirakçılarının “Rusiyaya ölüm” qışqırdıqları eşidilir.

Rəfsancaninin fikrincə, müxalifət seçilmiş hökümətdən daha güclü olan dini rəhbərlik daxilində özünə kifayət qədər dəstək qazanıb. Buna görə də o, Əhmədinedat hökumətinin legitimliyini yoxlamaq üçün referendum keçirilməsinə çağırıb. İran Konstitusiyasına görə isə referendum yalnız dini liderin əmri ilə çağırıla bilər.

Bu arada İranın Qərbi Azərbaycan vilayətində, Urmiya şəhərində təhlükəsizlik qüvvələri ilə naməlum silahlı qruplaşma arasında toqquşma olub. Vilayət polisinin təmsilçisi Əli Cədidi “Fars” agentliyinə bildirib ki, 7 saat davam edən toqquşmada hər iki tərəf itki verib. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar