İrandan doğru xəbər
25 Aprel 2011 Bazar Ertəsi 00:34
Həmişə qondarma “erməni soyqırımı”na geniş yer ayıran İran mətbuatı ilk dəfə Azərbaycanın və Türkiyənin mövqeyini dərc edib.
Tehranda nəşr olunan “Şərq” qəzeti özünün həftəlik buraxılışında qondarma “erməni soyqırımı”na geniş yer ayırıi, Azərbaycan, Türkiyə və Ermənistan səfirlərinin müsahibələrini, 1915-ci il hadisələri və Dağlıq Qarabağ münaqişəsi barədə yerli təhlilçilərin rəylərini dərc edib.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, “erməni soyqırımı”na ənənəvi olaraq geniş yer ayıran İran mətbuatı ilk dəfə bu məsələdə Azərbaycanın və Türkiyənin mövqeyinə dair yazıları da dərc edib.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müsahibəsini konkret faktlar üzərində qurui, yerli mətbuatda qondarma “erməni soyqırımı”na yer ayrıldığını, lakin ermənilərin müsəlmanlara qarşı etdikləri vəhşiliklərə toxunulmadığını, Xocalıda törədilmiş soyqırımından bəhs edilmədiyini təəssüflə bildirib. Birinci Dünya müharibəsi illərində yüz minlərlə türk və azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsi faktına göz yumulduğunu bildirən səfir C.Axundov qədim Azərbaycan torpaqlarında bolşeviklər tərəfindən Ermənistan dövlətinin yaradıldığını vurğulayıb, erməni hərbi birləşmələri tərəfindən Bakı, Şamaxı, Gəncə, Qubada 52 min, İranda azərbaycanlılar yaşayan qədim Urumiyə, Xoy, Salmas və digər şəhərlərdə isə 120 min günahsız insanın öldürüldüyünü diqqətə çatdırıb.

Azərbaycan səfiri ermənilərin başqa yerlərdən, o cümlədən Marağadan Dağlıq Qarabağa köçürülmələrindən danışıb, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə ucaldılıb abidənin uçurulduğunu qeyd edib, tarixi faktlara söykənmədən “erməni soyqırımı”nı iddia edənlərin Osmanlı imperiyasının o zaman üzləşdiyi tarixi reallıqları nəzərə almadan fikir yürütmələrinin əsassız olduğunu bildirib. Müsahibədə həmişə ermənilərin tarixi faktları saxtalaşdırmaqda mahir olduqları, Alban abidələrini özününkiləşdirdikləri, coğrafi adları dəyişdirdikləri qeyd edilib, Alban ortodoks kilsəsinin məhz 1836-cı ildə rus çarının fərmanı ilə ləğv edildiyi, indiki Ermənistan dövlətinin ərazisində yaşayan əhalinin 80-85 faizinin müsəlman olduğu diqqətə çatdırılıb.

Səfir müsahibəsində ermənilərin XX əsrin sonlarında Xocalıda törətdikləri vəhşiliklərin insanlığa yaraşmayan qəddarlıq olduğunu, dünyanın heç bir yerində belə vəhşilik törədilmədiyini bildirib. Uydurma “erməni soyqırımı”na həmişə səxavətlə yer ayıran İran mətbuatının qarşı tərəfin mövqeyini dərc etməsini müsbət hal kimi dəyərləndirən səfir Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunun Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasında, BMT və Avropa Şurasının qətnamələrinin yerinə yetirilməsində, beynəlxalq hüquq normalarına riayət edilməsi olduğunu bildirib. Azərbaycan torpaqlarının işğal altında saxlanılması davam etdirildiyi təqdirdə Ermənistanda heç bir siyasi sabitliyin və iqtisadi inkişafın olmayacağını qeyd edən səfir Ermənistanın yeganə çıxış yolunun Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltması olduğunu bildirib, hələlik danışıqlar prosesinə üstünlük verən Azərbaycanın öz hərbi qüdrətini artırdığını, lazım gələrsə hərbi yolla torpaqlarımızı azad edəcəyimizi diqqətə çatdırıb.

Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan isə heç bir tarixi faktlar gətirmədən, heç bir sənədə əsaslanmadan uzun illər boyu ermənilərin söylədiklərini təkrarlayıb, guya ötən əsrin əvvəllərində milyon yarımdan çox erməninin öldürüldüyünü, öz “tarixi vətənlərindən” qovulduğunu deyib, Dağlıq Qarabağda yaşayan ermənilərin öz dövlətlərini yaratmaq, Ermənistanla bir yerdə və ya müstəqil yaşamaq hüquqlarının olduğunu bildirib. Qarabağda 200 min erməni yaşayır deyən səfir, müxbirin “bu sayda erməninin dövlət yaratmasına necə baxırsınız” sualının cavabında nala-mıxa vurub, ermənilərə xas olan həyasızlıqla sonradan əhalinin sayının çoxaldılacağını, dünyanın bir çox yerlərində yaşayan ermənilərin buraya köçürüləcəyini bildirmiş, belə olan təqdirdə keçmiş sovet məkanında olan digər muxtar respublika və vilayətlərin öz dövlətlərini yaratmasının mümkünlüyünün üstündən isə sükutla keçib. “Türkiyənin “erməni soyqırımı”nı tanıdığı təqdirdə onlara qarşı təzminat irəli sürüləcəkmi” sualına cavab verən səfir bildirib ki, onun dövləti hələlik soyqırımının tanınmasına çalışır, təzminat məsələsi isə sonrakı məsələdir.

Türkiyənin İrandakı səfiri Ümid Yardım 1915-ci ildə ölkəsində baş vermiş olayların təhlilinin siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalı olduğunu qeyd edib, rəsmi Ankaranın öz arxivlərini açmağa hazır olduğunu bildirmişdir. Rəsmi İrəvanınarxivlərin açılması məsələsinə soyuq yanaşmasının arxasında qaranlıq məqamların olduğunu qeyd edən səfir, bunun səbəbini arxivlər aşılarsa, erməni tarixçilərinin bir çox mətləblərin işıq üzü görəcəyindən qorxmaları ilə əlaqələndirib. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına bir çox amillərin, o cümlədən Ermənistan konstitusiyasında Türkiyəyə qarşı yer almış maddələrin mane olduğunu qeyd edən səfir Sürix protokolunun Ermənistan tərəfindən yerinə yetirilmədiyinə işarə edib.

İranlı təhlilçilər isə onlarda formalaşmış çərçivədən kənara çıxa bilməyib, ermənipərəst mövqelərindən çıxış edərək 1915-ci il hadisələrinin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini qəsdən və ya bilməyərəkdən səhv yönümdə izah ediblər. Özünü beynəlxalq təhlilçi kimi qələmə verənlər bunun səbəblərini min illər bundan əvvəl baş vermiş hadisələrdə axtarmış, qədim parfiyalılarla bir kökdən olan ermənilərin Ermənistan adlı dövlət yaratmaq uğurunda bu ərazilərə qonaq gəlmiş türklərlə əsrlər boyu apardıqları mübarizənin nəticəsi kimi qələmə veriblər. Ermənistanı “osmanlı türkləri ilə heç bir əlaqəsi olmayan digər türk tayfaları” arasında sədd kimi qələmə verən təhlilçi bir qədər də irəli gedərək hətta Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını belə “göstərməkdən” çəkinməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar