İranda iyunun 12-də keçirilən prezident seçkisinin nəticələrinə etiraz edən islahatçılar yenidən etirazlara başlamağa hazırlaşırlar. Prezidentliyə islahatçı namizəd Mir Hüseyn Musəvi internet saytında seçki sonrasında keçirilən nümayişlərdə ölənləri anmaq üçün iyulun 29-da yürüş etməyi təklif edib. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, islahatçılar bu tələblərini yazılı şəkildə Daxili İşlər Nazirliyinə göndərib. Müraciətdə tutulan və öldürülənlərin xalqın xatirəsində yaşadığını və bunları edənlərin arxasında duranların bağışlanmayacağını bildirib.
Xatırladaq ki, İranda prezident seçkisi ötən ayın 12-də keçirilib. Seçkidə 4 namizəd mübarizə aparıb. İran prezidenti Mahmud Əhmədinejat səs çoxluğu ilə yenidən bu posta seçilib. Lakin seçkinin nəticəsinə etiraz edən minlərlə müxalifət nümayəndəsi küçələrə çıxıb. Polislə müxalifəlçilər arasında baş vermiş qarşıdurmalar nəticəsində rəsmi məlumatlara görə, 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
İranın yeni prezidenti Mahmud Əhmədinejat isə avqust ayında and içərək yenidən fəaliyyətinə başlayacaq. /ANS PRESS/