İranda Türkiyəyə qarşı şok addım
28 Sentyabr 2011 Çərşənbə 15:56
İran şirkəti Türkiyədən təzminat tələb edir.
İranın Milli Qaz Şirkəti Türkiyədən təzminat tələb edib. Şirkət, razılaşmalar çərçivəsində Türkiyənin İrandan təbii qaz almağı öhdəsinə götürməsinə baxmayaraq, sonradan qazın hamısını almadığını əsas gətirib.
İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, İran Milli Qaz Şirkətinin rəhbərliyi Türkiyə ərazisindəki təbii qaz boru xətlərində meydana gələn partlayışlarla əlaqədar, Türkiyənin təbii qazın heç də hamısını almadığını deyib.
Bu il ərzində qaz boru xətlərində baş vermiş 4 partlayışla əlaqədar Türkiyə İrandan təbii qaz idxalını 4 dəfə dayandırıb. İran rəsmiləri isə İrandan təbii qazın kəsilməsi ilə yaranan boşluğu doldurmaq üçün Türkiyənin Azərbaycan və Rusiya qazını aldığını bildirirlər. Onların fikrincə, İran qazı digər ölkələrinkinə nisbətən baha olduğuna görə, Türkiyə boru xətlərindəki partlayışları "sadəcə bəhanə edir".
Qeyd edək ki, Ankara Tehranla 25 illik saziş çərçivəsində İrandan ildə 10 milyard kubmetr təbii qaz almağı öhdəsinə götürüb. İran rəsmiləri Türkiyənin razılaşdırılmış qədər qaz almadığına görə 2009-cu ildə İrana 600 milyon dollar təzminat ödədiyini xatırladaraq, bu il də eyni miqdarda təzminat istədiklərini bəyan ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: