İranda tanınmış fəal Behbud Quluzadə həbs edilib
16 Fevral 2013 Şənbə 22:05
Hazırda Behbud Quluzadənin harada saxlanıldığı barədə məlumat yoxdur.
İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Behbud Quluzadəni bu gün yerli vaxtla saat 11:30-da Qoşaçay (Miyandab) şəhərində tutaraq naməlum istiqamətdə aparılıb. Məlumatda ETTELAAT əməkdaşlarının azərbaycanlı fəalın evində axtarış apardığı, ona məxsus kompüter və bir sıra şəxsi əşyaları özləri ilə götürdüyü bildirilir. Hazırda B.Quluzadənin harada saxlanıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, azərbaycanlı fəal Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Mərkəzi Şurasının keçmiş üzvü, hazırda isə Yeni GAMOH təşkilatı Mərkəzi Komitəsinin üzvüdür. B.Quluzadə 2010-cu ilin mayında 17 nəfər azərbaycanlı fəalla birlikdə həbs olunub və 8 ay ağır işgəncələrə məruz qaldıqdan sonra 250 min dollar mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
B.Quluzadə 2006-cı ilin mayında da «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs edilərək bir neçə ay ETTELAAT-ın təcridxanasında saxlanılıb.
DOSTLARINLA PAYLAŞ: