İranda tanınmış azərbaycanlı alim Mir Hidayət Hesari vəfat edib
11 Fevral 2012 Şənbə 00:57
“Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari çoxsaylı kitabların müəllifidir.
Fevralın 10-da İranda tanınmış azərbaycanlı alim Mir Hidayət Hesari uzun sürən xəstəlikdən sonra 82 yaşında Tehran şəhərində dünyasını dəyişib. APA-nın məlumatına görə, Azərbaycan dili, ədəbiyyatı və folklorunun tanınmasında böyük əməyi olan alim 1930-cu ildə İranın Qərbi Azərbaycan vilayətinin Culfa şəhərində doğulub.

Qeyd edək ki, İranda məşhur azərbaycanlı cərrah və alim, doktor Cavad Heyətin baş redaktorluğu ilə işıq üzü görən “Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari Azərbaycan və fars dillərində “Aşıqlar məclisi”, “Mənzum türkcə “Şahnamə”, “Azərbaycan folkloru” (üç cilddə), “Günəşsiz günlər” (şeir divanı), “Azərbaycan nağılları və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları”, “Türkcə qədim tibb kitabları”, “Füzulinin biblioqrafiyası”, “Füzulinin məmduhları”, “İranda türkcə əlyazma kitablar”, “Türk qadınları tarixdə”, “Azərbaycan dilində atalar sözləri”, “Azərbaycan dilində tapmacalar”, “Azərbaycan dilində deyimlər”, “Dədə Qorqud kitabını incələyək”, “Fars dilində türk sözləri”, “Kiçik hekayələr toplusu” və başqa kitabların müəllifidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar