İranda seçkilərə hazırlıq işləri gedir
24 Dekabr 2011 Şənbə 21:51
İslahatçı partiyalar parlament seçkilərini boykot etməyi qərara alıb.
İranda gələn ilin mart ayında keçiriləcək parlament seçkilərinə hazırlıq işləri aparılır. 290 üzvlük İslam Məşvərət Şurasına deputatlığa namizədlərin qeydiyyatı prosesinə start verilib.
Dünən ölkənin Daxili İşlər Nazirliyinin başladığı qeydiyyat prosesinin bir həftə davam edəcəyi gözlənilir. Namizədlərin anketləri İnqilab Keşikçiləri Şurası tərəfindən hərtərəfli yoxlanılacaq. Yalnız tələblərə cavab verən ərizəçilər seçkilər prosesinə namizəd qismində qoşula biləcək. Potensial namizədlər parlament seçkilərinin həmişəki kimi yüksək seçici aktivliyi ilə keçəcəyinə inanır.
Deputatlığa namizəd Cəfər Fətəlizadənin sözlərinə görə, ümumi beynəlxalq və ölkədaxili vəziyyət baxımından, həssas məsələlərdə İran xalqı hər zaman aktiv iştirak edib. O hesab edir ki, seçkilərdə yüksək seçici aktivliyi qeydə alınacaq.
Bu arada ölkənin əsas islahatçı partiyaları ölkədə azad və ədalətli seçkilər üçün lazımı şəraitin yaradılmadığını əsas gətirərək, parlament seçkilərinə heç bir namizəd irəli sürməyəcəyini elan edib. Habelə, parlament üzvlüyünə namizədlərdən biri islahatçı partiya üzvlərinin boykota addımına rəğmən müstəqil namizəd qismində qatılacağını iddia edir.
Deputatlığa namizəd Murtuza Qoroği deyir ki, islahatçıların namizədlər irəli sürməyəcəyi haqqında bəyanatlarına baxmayaraq, partiya üzvlərinin müstəqil namizəd qismində seçkilərə qatılacağına ehtimal etmək olar. O bildirib ki, seçkilərin gərgin mübarizə şəraitində keçəcəyinə inanır.
İslahatçıların parlament seçkilərinə qatılmayacağı təqdirdə əsas mübarizənin prezident Mahmud Əhmədinejatın əleyhdarları və tərəfdarları arasında gedəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: