İranda parlament seçkiləri başa çatıb
02 Mart 2012 Cümə 21:33
Seçkilərin nəticələrinin sabah açıqlanacağı bildirilir.
İranda keçirilən parlament seçkiləri başa çatıb. Seçkilərin nəticələrinin sabah açıqlanacağı bildirilir. Mühafizəkarlar seçkidə uğur qazanacaqlarına əmindir. Parlament seçkilərində ilk səs verənlərdən biri olan İranın ali dini lideri Ayətullah Əli Xameneyi seçkiləri ölkənin təhlükəsizliyi və stabilliyi üçün vacib sayıb.

Ə. Xamneyi bildirib ki, seçkilər İranın həyatında həmişə vacib rol oynayıb: “İslam inqilabı dönəmindən artıq 30 il keçib və İran dövləti indiyə kimi haqq yolu ilə gedir. İranın düşmənlərinin ona qarşı hədə-qorxularına baxmayaraq, xalq səsvermədə aktiv iştirak edir. Bu səsvermə bizim dostlarımız və düşmənlərimiz üçün bir mesaj olacaq”.

Parlament seçkiləri müxtəlif mühafizəkar qruplaşmalar arasında mübarizə kimi qiymətləndirilir. Bir vaxtlar islahatçılara qarşı mübarizədə birləşmiş mühafizəkarlar, indi bəzi fikir ayrılıqlarına görə prezident Mahmud Əhmədinejadla onun islamçı əleyhdarları arasında qalıblar. Tehranda seçki məntəqələrində səs verən mühafizəkarlar seçkidə uğur qazanacaqlarına əmindir.

“Bizim xalqımız siyasi və sosial cəhətdən yetkin olduğuna görə, bu seçkilərdə fəal iştirak edəcək. Seçki məntəqələrində insan çoxluğu da bunu sübut edir. Öz siyasi partiyama gəldikdə isə onun üzvlərindən çoxunun seçiləcəyi barədə nikbin mövqedəyəm”, - deyə mühafizəkar namizəd Əli Mötahari bildirib.

Mühafizəkar namizəd, 2009-cu ildə prezident seçkilərində Mahmud Əhmədinejadın əsas rəqiblərindən olan Möhsun Rəzayi isə parlamentdə heç bir siyasi qüvvənin çoxluğa malik olmayacağını proqnozlaşdırır. Rəzayi deyib ki, növbəti parlament koalisiyalı olacaq: “Lakin mühafizəkarlar bir sıra siyasi fikirlərinə görə çoxluğa malik olacaq”.

İran prezidenti Mahmud Əhmədinejad və parlament spikeri Əli Laricani də səsvermədə iştirak edib. Seçkilərdə parlamentin 290 yeri uğrunda 3467 namizəd mübarizə aparıb. Seçkilər 46 062 məntəqədə keçirilib. Artıq 9-cu dəfədir keçirilən seçkilərdə əsas rəqiblər islahatçılar və mühafizəkarlardır. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfəki seçkidə də mühafizəkarların səs çoxluğu qazanacağı güman olunur. Seçki prosesini 350-si xarici olmaqla, 1600 media nümayəndəsi izləyir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar