İranda ötən il keçirilən prezident seçkisindən bir il ötür
12 İyun 2010 Şənbə 14:35
İranda ötən il keçirilən prezident seçkisindən bir il ötür. Müxalifət partiyaları aksiya keçirməmək qərarına gəlib.
Bu gün İranda ötən il keçirilən mübahisəli prezident seçkilərindən bir il ötür. Müxalifət partiyaları hökumət qüvvələri ilə keçən il baş verən qarşıdurmanın təkrarlanmasından çəkinərək etiraz aksiyaları keçirməmək qərarına gəlib. İranın baş polis məmuru bildirib ki, keçiriləcək hər hansı etiraz aksiyası sərt şəkildə əngəllənəcək.
Qeyd edək ki, ötən gün bir qrup iranlı tələbə internet resurslarından istifadə edərək ötən il etiraz aksiyaları zamanı həlak olmuş Neda Ağa Soltanın 6 dəqiqəlik video görüntülərini yayımlayıblar. Sent Endryu Universitetinin İran Araşdırmaları Mərkəzinin rəhbəri Əli Ənsarinin sözlərinə görə, baş vermiş hadisələr həm İran hökuməti daxilində olan insanlar üçün, həm də hökumətdən kənarda olanlar üçün qeyri-adi bir hadisə idi.
İran İnqilabı Mühfizəçiləri Ordusunun komandanı, general Əli Məhəmməd Cəfəri isə ötən ilki seçkilər zamanı baş verən iğtişaşları 1980-88-ci illərdə baş vermiş İran-İraq müharibəsindən daha təhlükəli olduğunu bildirib.
Xatırladaq ki, ötən il İranda keçirilən prezident seçkilərinin nəticələrindən narazı kütlə küçələrə axışaraq Mahmud Əhmədinejadın seçkiləri saxtalaşdırdığını bildiriblər. Öz hərəkatlarının “Yaşıl hərakat” adlandıran etirazçılar hökumətin güclü müqaviməti ilə qarşılaşıblar. Yüzdən çox insan tutularaq məhkəmə qarşısına çıxarılıb, 10 nəfər isə ölüm hökmünə məhkum olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: