İranda müxalifətə məxsus qəzetin bağlanması kütləvi etirazlara səbəb olub
18 Avqust 2009 Çərşənbə Axşamı 23:15
İran küçələrində etiraz səsləri gücləndikcə polis dəyənəkləri işə düşür

 

İranda prezident seçkilərindən sonra həbs edilmiş insanların zorakılığa məruz qalması barədə yayılan məlumatlar hökuməti müxalifətə qarşı müəyyən tədbirlər görməyə vadar edib. Belə ki, prezidetliyə keçmiş namizəd Mehdi Kərrubiyə məxsus «Etemad-e-Melli» qəzeti dövlət rəsmilərinin təzyiqi ilə öz fəaliyyətini dayandırıb. Məlumatda bildirilir ki, İranda «Etemad-e-Melli» islahatçı qəzetinin bağlanması ilə əlaqədar etiraz aksiyası keçirilib. Nümayiş iştrakçılarından bir neçəsinin həvəskar kamera ilə gizli şəkildə çəkdiyi görüntülər dünya mediasına ötürülüb.

400-ə yaxın aksiya iştirakçısı Tehranda yerləşən qəzetin binası ətrafına toplaşaraq «diktatora ölüm», «İran Respublikasına azadlıq» şüarları səsləndiriblər.

Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi bildirib ki, qəzetin bağlanmasına səbəb Mehdi Kərrubinin prezident seçkilərindən sonra həbs edilən etirazçıların dustaqxanada zorlanması barədə bəyanatının nəşr edilməsi olub. Lakin Tehranın baş prokuroru Saed Mortəzəvi qəzetin prokurorluğun göstərişinə əsasən bağlandığını təkzib edib. Onun sözlərinə görə, «Etemad-e-Melli» qəzeti texniki problemlər səbəbindən öz fəaliyyətini müvəqqəti dayandırıb.
İran polisi aksiya iştirakçılarına qarşı əl dəyənəklərindən istifadə edib. Nümayişlərdə iştirak edən şahidin dediklərinə görə, polis iki gəncə qarşı zorakılıq tətbiq edib və etirazçılardan biri həbs olunub.
İran əhalisi isə qəzetin bağlanmasını məyusluqla qarşılayıb. Onların fikrincə, hökumətin bu addımı insanların qəzəbinə səbəb olacaq.

Qeyd edək ki, İranda dustaqların işgəncələrə məruz qalması ilə bağlı məlumatların yayılmasından sonra ölkədə vəziyyət yenidən gərginləşib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar