İranda müxalifət liderlərinin edamı tələb edilir
15 Fevral 2011 Çərşənbə Axşamı 16:08
İran Baş Prokurorluğu iğtişaş törədənlərin cəzalandırılacağını bəyan edib
İranda Misirdəki hadisələrə dəstək məqsədilə keçirilən və sonda qarşıdurma ilə nəticələnən aksiya ilə bağlı İran parlamentinin 180 deputatı müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin edamını tələb edib. Parlamentarilər müxalifət liderlərinin əleyhinə şüarlar səsləndiriblər. İran parlamentinin spikeri Əli Laricani isə asayiş pozuntularına çağıranlara qarşı mübarizə metodlarını tədqiq edən və müxtəlif parlament komissiyalarının nümayəndələrindən ibarət bir komitənin yaradılmasını təklif edib. Təklifə görə, bu komitə Tehranda baş verənlərə dair məruzə də hazırlamalıdır.


İran Baş Prokurorluğunun yaydığı bəyanatda deyilir ki, Amerika və İran dövlətinin əleyhinə olan qruplarla əlbir olub iğtişaş törədənlər cəzalandırılacaq.

Xatırladaq ki, dünən İranın paytaxtında müxalifət Tunis və Misir xalqlarına dəstək nümayişləri keçirməyə cəhd edib. Nümayişçilərlə güc strukturları arasında baş verən toqquşmada 1 nümayişçi ölüb, onlarla aksiya iştirakçısı yaralanıb. Nümayişçilərin qarşısını almaq üçün 10 mindən artıq polis Tehran küçələrinə nəzarət edir. Polis insanların əsas meydanlara çox toplaşmasının qarşısını almağa çalışaraq, gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə edib.

Etirazçılar isə öz növbəsində zibil yeşiklərini yandırıb. Ölkədə isə internet və mobil rabitə kəsilib. BBC-nin məlumatına görə, xəbər kanallarının peyk siqnallarını batırmaq istiqamətində cəhdlər davam edir. Bütün bu məlumatlar hələlik rəsmi şəkildə təsdiq edilməyib. Çünki ölkədə bütün KİV-lərin fəaliyyəti məhdudlaşdırılıb. Əcnəbi jurnalistlərə isə işləmək tamamilə qadağan edilib.

Anoloji çıxışların İranın digər iri şəhərlərində də keçirildiyi bildirilir. “Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, İranın Qum, İsfahan, Təbriz, Şiraz və digər iri şəhərlərində iğtişaşlar davam edir. Nümayişçilər “Diktatora ölüm!”, “Mübarək, Ben Əli, indi isə - Xamenei!” deyə şüarlar səsləndiriblər.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İranda misirli nümayişçilərə dəstək aksiyası keçirən müxalifətçilərə dəstək verib. O deyib ki, iranlılar da misirlilərin nail olduqları bütün hüquqlara layiqdirlər. Hillari Klintonun sözlərinə görə, Birləşmiş Ştatlar Tehran küçələrindəki insanların arzularını aşkar və bilavasitə dəstəkləyir. Dövlət katibi İran hakimiyyətini növbəti dəfə müxalifətin səsinə qulaq verməyə və ölkəni daha demokratik yolla aparmağa çağırıb.

Bundan başqa, Hillari Klinton İranı ikiüzlülükdə ittiham edib. O bildirib ki, Misirdəki etirazları alqışlayan Tehran rejiminin özü müxalifəti boğmağa çalışır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar