İrana qarşı növbəti sanksiya dalğası gəlir
11 İyun 2010 Cümə 13:05
İndi də Avropa İttifaqı Tehrana qarşı əlavə qadağaları müzakirə etmək niyyətinə düşüb.
Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin liderləri gələn həftə uranın zənginləşdirilməsi prosesini dayandırmaqdan imtina etməsi ilə əlaqədar olaraq İrana qarşı əlavə qadağaların tətbiq edilməsi məsələsini müzakirə etməyi planlaşdırır. “Frans Press” agentliyinin qurumdakı mənbəyə istinadən verdiyi xəbərə görə, bu məsələ Aİ ölkələrinin səfirləri tərəfindən artıq müzakirə olunub.
"Avropa İttifaqının gələn həftə ba. tutacaq sammiti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin dəstəklənməsi, həmçinin Aİ ölkələrində (İrana qarşı) gücləndirilmiş tədbirlərin həyata keçirilməsinə imkan verəcək bir sıra məsələlərin nəzərdən keçirilməsi məqsədi ilə keçiriləcək", - deyə agentlik diplomatik mənbənin sözlərini sitat gətirib.
Diplomatik mənbə “gücləndirilmiş tədbirlər” deyərkən, İrana qarşı, xüsusilə də, İran bankları və sığorta şirkətləri, həmçinin nəqliyyat sektoruna qarşı yeni qadağaların nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, bu qadağaların qəbul edilməsi olduqca “ehtimal olunandır”.
Xatırladaq ki, çərşənbə günü BMT Təhülkəsizlik Şurası İrana qarşı qadağalar nəzərdə tutan 1929 saylı yeni qətnamə qəbul edib. Səsvermənin nəticələrinə görə, qətnaməni şuranın 12 üzvü dəstəkləyib. Türkiyə və Braziliya sənədin əleyhinə səs verib, Livan isə bitərəf qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: