İran yenidən çalxalanır
30 Sentyabr 2009 Çərşənbə 21:35
Tehranda hökumət əleyhinə etirazların yeni dalğası başlayıb
İranda hökumət əleyhinə etirazların yeni dalğası başlayıb. Müxalifət nümayəndələrinin verdiyi məlumata görə, ölkədə əsas qüvvələrdən sayılan ziyalı təbəqəsi dərs ilinin başlaması ilə universitetlərdə toplaşıb. Onların qənaətinə görə, bu aksiyalarla onlar nəticəyə gələcəklər. Çünki əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə qabaqda tələbə və müəllimlər gedir.
Müxalifət nümayəndələri xalqın onlara dəstək verəcəyini gözləyir. Bunun başlanğıcı olaraq sentyabrın 29-da Tehran universitetində prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin tərəfdarı olan minlərlə tələbə mitinq keçirib. Onlar Musəvinin hüquqlarının bərpa olunmasını, həbsxanada olan müxalifətçilərin azadlığa buraxılmasını, işgəncə faktlarının araşdırılmasını tələb edib.
Küçələrə çıxan tələbələr İranın yeni təyin olunmuş elm naziri Kamran Danedjinin Tehranda yerləşən Şərif universitetinə gəlməsinə etiraz edib. Aksiya iştirakçıları prezident seçkilərindən sonra keçirilən mitinqlərdə həbs olunan müxalifətçilərə işgəncə verilməsində bu şəxsin xüsusi rol oynadığını iddia edir.
Hazırkı elm naziri Kamran Danedji prezident seçkiləri zamanı Daxili İşlər Nazirliyində yüksək vəzifələrdən birində çalışıb. Tələbələr onun elm naziri təyinatını əslində onlara DİN-in birbaşa nəzarət etmək istəyi kimi qiymətləndirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: