İran yeni şərtlərini açıqladı
25 Noyabr 2009 Çərşənbə 16:05
Səid Cəlili: "Nüvə proqramı ilə bağlı danışıqlar İranın təkliflər paketinə uyğun olaraq aparılmalıdır"
İranın nüvə danışıqları üzrə ali nümayəndəsi Səid Cəlili ölkəsinin yeni şərtlərini açıqlayıb. O bildirib ki, nüvə proqramı ilə bağlı danışıqlar İranın təkliflər paketinə uyğun olaraq aparılmalıdır. Onun sözlərinə görə, "altılığa" daxil olan ölkələr bu təkliflərə uyğun olaraq danışıqlar aparmağa hazır olsalar, İran onu qəbul edəcək.
"Biz Cenevrə danışıqları zamanı bəyan etdik ki, danışıqlar İranın təkliflər paketi və orada qeyd olunmuş mövzular ətrafında davam etdirilməlidir. "5+1" ölkələri öz aralarında müzakirələr aparır və hələ ki, danışıqlar üçün hazır deyillər. Onlar İranın təkliflər paketinə və orada olan mövzulara əsaslanan danışqlar aparmağa hazır olsalar, biz onu qəbul edəcəyik", - deyə S.Cəlili bildirib.
O, həmçinin danışıqlarda iştirak edən ölkələrdən yanacağın tam şəkildə hazırlanması üçün zəmanət tələb edib. Cəlili bildirib ki, əgər zəmanətlər verilməsə, İran başqa yollardan istifadə də bilər.
Qeyd edək ki, son zamanlar İran rəsmilərinin verdiyi bəyanatlar və təqdim etdiyi təkliflər paketi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təkliflərinə tam ziddir. MAQATE-nin təkliflərində İrandan uranı növbəti emal üçün Rusiyaya, oradan isə Fransaya göndərilməsi tələb olunur. İran isə bununla razılaşmayaraq Qərbə etibar etmədiyini bildirib. İran rəsmiləri hesab edir ki, ölkədən xaricə göndərilmiş uran geri göndərilməyəcək. Buna sübut olaraq İran Qərb ölkələrinin keçmişdə öz öhdəliklərinə sadiq qalmadığını göstərib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: