İran XİN: “İsrailin İrana hücum etməyə cəsarəti yoxdur”
14 İyul 2010 Çərşənbə 14:45
Manuçöhr Mottaki İsrailin İrana mümkün hücumu ilə bağlı bəyanat verib.
İranın xarici işlər naziri Manuçöhr Mottaki İsrailin İrana mümkün hücumu ilə bağlı şübhələri əsassız sayıb və Təl-Əvivin Tehrana hücum etmək cəsarətinin olmadığını bildirib.
“İsrail rejiminin bünövrəsi regionda hədələr və on illərin işğalına əsaslanır, ancaq onun İrana hücum etmək cəsarəti yoxdur”, - deyə İspaniyada səfərdə olan Manuçöhr Mottaki bildirib.
İranın xarici işlər naziri müsahibəsində Fələstin məsələsinin diplomatik həllinin vacibliyini də vurğulayaraq, fələstinli qaçqınların işğal olunmuş ərazilərə qayıtmasının və referendum keçirilməsinin vacib olduğunu deyib. Müəyyən dövlətlərin nüvə texnologiyası monopoliyasına gəlincə isə Manuçöhr Mottaki bildirib ki, bütün ölkələrin nüvə texnologiyasına sahib olmaq hüququ var.
O, İranın nüvə proqramına qarşı yeni BMT qadağalarının tətbiqi qərarını da tənqid edib. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kameraları və müfəttişləri İrandadır və bizim nüvə fəaliyyətimiz tamamilə bu təşkilatın nəzarəti altındadır, ancaq biz əminik ki, bu əməkdaşlığa cavab olaraq bizim Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dördüncü razılaşmasına əsasən öz hüquqlarımızdan faydalanmaq ixtiyarımız var. Həmin sənəddə isə təşkilat bizim nüvə sahəsində işlərimizin dinc məqsəd daşıdığını təsdiqləyir. Sanksiyalar isə cəza tədbirləridir və cəza tədbirləri törədilən cinayəti müəyyən edir. İran isə heç bir cinayət törətməyib”, - deyə İranın xarici işlər naziri bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: