İran Xəzər sahilində AES tikməyi planlaşdırır
24 Fevral 2013 Bazar 13:13
İslam respublikası 15 ildə 20 atom stansiyası tikməyi planlaşdırır.
İran yenidən geniş miqyaslı hərbi təlimlərə start verib. 3 günlük təlimlərdə quru qoşunları və hərbi hava qüvvələri iştirak edəcək. Bu arada, İran Atom Enerjisi Agentliyi, ölkənin müxtəlif bölgələrində daha 20 nüvə stansiyası tikməyi planlaşdırır. Birləşmiş Ştatlar və müttəfiqləri uranın zənginləşdirilməsi ilə İranın nüvə silahı əldə etməyə çalışdığını iddia etsə də, İran həmişəki kimi bu iddaları təkzib edərək, nüvə proqramının dinc məqsəd daşıdığını bildirir. İran mənbələrinin verdiyi məlumata görə, hazırda bu ölkənin ehtiyatda 33 min ton uranı var.

İran 20 min meqavat elektrik enerjisinin istehsalı planı çərçivəsində Atom Enerji Stansiyalarının salınacağı 16 məntəqənin yerini müəyyənləşdirib. Yeni tikiləcək nüvə obyektlərinin bəziləri Xəzər dənizi, Fars körfəzi, Xuzistan və Omman dənizi sahillərində inşa olunacaq. Məntəqələrin seçilməsi zamanı zəlzələyə davamlılıq və mümkün hərbi hava hücumları kimi məsələlər nəzərə alınıb. Bu barədə hökumət rəsmilərinə istinadən İranın dövlət telekanalı xəbər yayıb.

Telekanal qeyd edir ki, qarşıda gələn 10-15 ildə ölkənin elektrik enerjisinə olan təlabatını ödəməkdən ötrü, respublika ərazisində azı 20 iri Atom Elektrik Stansiyasının tikintisi lazım gələcək. Məlumatda eyni zamanda, İranda yeni uran yataqlarının aşkarlandığı bildirilir. Telekanala müsahibə verən tədqiqatçılardan biri, kəşf olunmuş yataqdan çıxarılmış uranın olduqca saf, qatqısının son dərəcə az olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatı İrana xaricdən nüvə materiallarını idxal etməyi qadağan etdiyindən, Tehran əsas diqqəti ölkə daxilində uran kimi yeraltı sərvətlərin axtarışına yönəldib. Otuz il əvvəl İranın uran ehtiyatı 1527 tonla dəyərləndirilirdisə, hazırda bu rəqəmin 4400 tona çatdırıldığı bildirilir. Qərb mənbələri isə İranın 1970-ci illərdə, hələ şah dövründə Cənubi Afrikadan külli miqdarda saflaşdırılmış “sarı uran” ehtiyatına malik olduğunu iddia edir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar